Alim, şair və söz sərrafı Fikrət Əsgərov “Rübailər” adlı yeni kitabını Prezident Kitabxanasına hədiyyə edib. Nəşrdə müəllifin 760-a yaxın cinasla qafiyələnən rübaisi toplanıb. Kitab filologiya elmləri doktoru, şair İslam Sadığın “Cinas xəzinəsi” adlı ön sözü ilə başlayır. Ön sözdə Fikrət Əsgərovun Azərbaycan ədəbiyyatında indiyədək heç bir şairin qələmə almadığı sayda rübai yazdığı, cinaslı təcnislərin mürəkkəb poetik forma olduğu və bu janrda qafiyələrin tapılmasının xüsusi çətinlik yaratdığı vurğulanır. İslam Sadığın fikrincə, Fikrət Əsgərov bu mürəkkəb poeziya növündə poetik imkanlarını nümayiş etdirə bilib.
Fikrət Əsgərov rübailəri məzmununa görə beş fəsildə qruplaşdırıb. Birinci fəsildə rübailər “Əcaib-qəraib dünya”, “Həyatın səfhələri”, “Zaman, vaxt, ömür”, “Ehkamlar: Vətən, təbiət, gözəllik”, “Cəmiyyət, ailə, şəxsiyyət” və “Dil, tarix, soy-kök, mənlik” başlıqları altında toplanıb. İkinci fəsildə “Ağıl, fikir, xəyal, səy-cəhd”, “Sevinc, kədər, dərd-qayğı”, “Dost, düşmən, ünsiyyət” və “Mütləq həqiqətlər: yalan, gerçək, haqq, ədalət” mövzularına həsr olunmuş rübailər yer alıb. Üçüncü fəsildə rübailər “Əbədi ehtiyac”ın pıçıltıları” başlığı altında birləşdirilib. Dördüncü fəsildə “Mənəviyyatın sütunları”, “Söz, sənət, sənətkar” və “Elm, bilik, bacarıq” başlıqları üzrə rübailər cəmlənib. Kitabın sonuncu fəslində isə “İnsan: özünə və həyata təhlükə kimi”, “Şeytana qulluq edən niyyətlər” və “Cavabı sual olan suallar” başlıqları altında bəşəri mövzular əksini tapıb.
İxtisasca riyaziyyatçı alim olan Fikrət Əsgərov söz seçimində dəqiqliyə və fikrin məntiqi ardıcıllığına xüsusi önəm verir. Bu xüsusiyyət onun rübailərində həm cinas üzərində qurulan qafiyə sistemində, həm də poetik fikrin məntiqi sonluğa çatdırılmasında özünü göstərir. Prezident Kitabxanasının fondunda şairin 2023-cü ildə nəşr olunmuş “Gedər-gəlməz qatarı. Şeirlər və poema” kitabı da saxlanılır. Söz sənətinə marağını digər nəşrlərində də davam etdirən Fikrət Əsgərov 2025-ci ildə Bəxtiyar Vahabzadənin əsərlərindən seçilmiş aforizmləri və hikmətli poeziya nümunələrini müxtəlif başlıqlar altında toplayaraq 623 səhifəlik “Hikmət mücrüsü” adlı kitabını nəşr etdirib.
Prezident Kitabxanası “Rübailər” kitabını fonda hədiyyə etdiyi üçün Fikrət Əsgərova təşəkkür edir, ona yaradıcılıq fəaliyyətində uğurlar arzulayır.
Əsgərov, Fikrət Ələkbər oğlu. Rübailər / F. Ə. Əsgərov; red. İ. Sadıq.- Bakı: Zərdabi Nəşr MMC, 2026.- 224 s.