Xəbərlər

“Zərdabi Nəşr” MMC Prezident Kitabxanasına yeni nəşrlər hədiyyə edib

“Zərdabi Nəşr” MMC Prezident Kitabxanasına yeni nəşrlər hədiyyə edib

“Zərdabi Nəşr” MMC Prezident Kitabxanasına yeni nəşrlər hədiyyə edib

“Zərdabi Nəşr” MMC Prezident Kitabxanasının fonduna 32 adda 33 nüsxə dəyərli kitab hədiyyə edib.

Hədiyyə edilən nəşrlər Azərbaycan ədəbiyyatı, tarixi, mədəniyyəti, dövlətçiliyi və elmi sahələri əhatə edən geniş spektrli əsərlərdən ibarətdir. Kitablar arasında klassik və müasir ədəbiyyat nümunələri, görkəmli şəxsiyyətlərin həyat və yaradıcılıq yolunu əks etdirən fundamental monoqrafiyalar, elmi-tədqiqat əsərləri və tərcümə nəşrləri yer alır.

Kitab hədiyyəsi arasında Ümummilli lider Heydər Əliyev və Prezident İlham Əliyevin dövlətçilik fəaliyyətinə həsr edilmiş monoqrafiyalar, milli maarifçiliyimizin banisi Həsən bəy Zərdabinin həyat yolu və zəngin irsini araşdıran tədqiqat əsərləri xüsusi yer tutur. Bundan əlavə, Azərbaycan musiqi və ədəbiyyat klassiklərindən Üzeyir Hacıbəyli, Qara Qarayev, Mir Cəlal, Məhəmməd Füzuli kimi görkəmli şəxsiyyətlərin yaradıcılığını əhatə edən əsərlər, 44 günlük Vətən müharibəsinin Zəfər salnaməsi, Azərbaycan Respublikası Konstitusiyasına elmi-praktiki şərh, dilçilik və iqtisadiyyat sahələrində fundamental nəşrlər, habelə bədii ədəbiyyat nümunələri hədiyyə olunub.

Bu nəşrlər Prezident Kitabxanasından istifadə edən tədqiqatçılar, dövlət qulluqçuları və geniş oxucu auditoriyası üçün etibarlı istinad mənbəyi kimi əhəmiyyət daşıyır. Kitablar humanitar və ictimai elmlər üzrə aparılan araşdırmalar üçün mənbə bazasını genişləndirməklə yanaşı, oxucuların mövcud biliklərinin dərinləşdirilməsinə imkan verir.

Prezident Kitabxanası “Zərdabi Nəşr” MMC-nin kitabxana fondunun zənginləşdirilməsinə verdiyi töhfəni yüksək qiymətləndirir və təşəkkürünü bildirir. Bu təşəbbüs elmi-mədəni resursların genişləndirilməsinə, oxucu və tədqiqatçılar üçün əlavə imkanların yaradılmasına xidmət edir.