Təşəbbüslər və Layihələr Mərkəzi Prezident Kitabxanasına kitablar hədiyyə edib. Kitabxanaya təqdim olunan nəşrlər Ümummilli lider Heydər Əliyevin siyasi fəaliyyəti və dövlətçilik irsinə, eləcə də Azərbaycanın tarixi və müasir dövrün mühüm hadisələrinə həsr olunub.
Hədiyyə edilən nəşrlər arasında Ümummilli lider Heydər Əliyevin həyat və siyasi fəaliyyətinə dair kitablar xüsusi yer tutur. Müxtəlif dillərdə nəşr olunmuş bu əsərlər Heydər Əliyevin Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsi, müstəqilliyin qorunması və ölkənin inkişaf strategiyasının formalaşdırılması istiqamətində həyata keçirdiyi fəaliyyətə dair zəngin məlumat təqdim edir.
Eyni zamanda, təqdim olunan nəşrlər Azərbaycanın tarixi və mədəni irsini əks etdirən kitablarla yanaşı, ölkənin müasir tarixində mühüm mərhələ olan Vətən müharibəsinin gedişi və nəticələrinə dair materialları da əks etdirir. Bu nəşrlər tarixi faktların sistemli şəkildə sənədləşdirilməsi və onların gələcək nəsillərə çatdırılması baxımından mühüm əhəmiyyət daşıyır.
Prezident Kitabxanası hədiyyə olunan dəyərli nəşrlərə görə Təşəbbüslər və Layihələr Mərkəzinə təşəkkürünü bildirir və bu addımı Azərbaycanın tarixi, dövlətçilik ənənələri və milli yaddaşının təbliği baxımından mühüm töhfə kimi qiymətləndirir.