Prezident Kitabxanasının Kolleksiyalar bölməsində “Ədəbi irs” adlı yeni alt bölmə yaradılıb. Bu alt bölmədə Azərbaycanın elmi-ədəbi irsinin sistemli şəkildə təqdim olunması nəzərdə tutulur. Alt bölmənin ilk kolleksiyası müasir Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, yazıçı, publisist, dramaturq və ictimai xadim Anar Rzayevin yaradıcılığına həsr edilib.
Kolleksiyada Anar Rzayevin yaradıcılıq irsini bütöv şəkildə əks etdirən nəşrlər toplanıb. Buraya onun nəsr və dramaturgiya əsərləri, publisistik yazıları, eləcə də ədəbiyyat və mədəniyyət mövzularına dair fikirlərini əks etdirən materiallar daxildir. Toplanan nəşrlər yazıçının yaradıcılıq yolunu, mövzu dairəsini və ədəbi mövqeyini ardıcıl şəkildə izləməyə imkan verir.
“Ədəbi irs” kolleksiyası Prezident Kitabxanasının fondlarında qorunan elmi-ədəbi materialların vahid məkanda toplanaraq oxuculara təqdim edilməsi məqsədilə yaradılıb. Kolleksiya tədqiqatçılar, ədəbiyyatşünaslar, tələbələr və geniş oxucu auditoriyası üçün etibarlı, sistemləşdirilmiş və istifadəsi əlverişli mənbə kimi nəzərdə tutulur.
Anar Rzayevin yaradıcılığına həsr olunmuş bu kolleksiya “Ədəbi irs” alt bölməsində təqdim edilən ilk kolleksiyadır. Gələcəkdə Azərbaycan ədəbiyyatının digər görkəmli nümayəndələrinin irsi də bu alt bölmədə ardıcıl şəkildə təqdim olunacaqdır.
Anar Rzayev — görkəmli Azərbaycan yazıçısı, publisist, dramaturq və ictimai xadimdir. 1938-ci il martın 14-də Bakıda tanınmış ədəbiyyat xadimləri Rəsul Rza və Nigar Rəfibəylinin ailəsində doğulmuşdur. 1960-cı illərdən etibarən Azərbaycan…