Prezident Kitabxanasında Azərbaycan musiqi mədəniyyətinin görkəmli nümayəndəsi, dünyaşöhrətli müğənni və bəstəkar Müslüm Maqomayevin anadan olmasının ildönümünə həsr olunmuş kitab sərgisi təşkil olunub. Sərginin keçirilməsində məqsəd unudulmaz sənətkarın zəngin yaradıcılıq irsinin, həyat və fəaliyyətinin geniş oxucu auditoriyasına tanıdılması, onun Azərbaycan və dünya musiqi xəzinəsinə bəxş etdiyi misilsiz xidmətlərin bir daha diqqətə çatdırılmasıdır.
Sərgidə Prezident Kitabxanasının fondlarında mühafizə olunan, Müslüm Maqomayevin həyat və yaradıcılığından bəhs edən dəyərli kitablar, monoqrafiyalar, albomlar və dövri mətbuat materialları nümayiş etdirilir. Təqdim olunan ekspozisiyada sənətkarın həm opera, həm də estrada səhnəsindəki fəaliyyəti və Azərbaycan musiqisinin beynəlxalq aləmdə təbliğinə verdiyi töhfələr geniş əks olunub.
Müslüm Maqomayev özünəməxsus ifa tərzi, nadir səs tembri və yüksək səhnə mədəniyyəti ilə Azərbaycan incəsənətinin ən parlaq simalarından birinə çevrilib. Onun sənəti uzun illər ərzində yalnız ölkəmizdə deyil, hüdudlarımızdan kənarda da böyük rəğbət qazanıb və bu gün də yeni nəsillər üçün örnək olaraq qalır.
Sərgi Müslim Maqomayevin Azərbaycan musiqi sənəti tarixindəki əhəmiyyətini daha dərindən dərk etməyə, onun sənət yolunun müxtəlif mərhələlərini əks etdirən nəşrlərlə tanış olmağa imkan yaradır. Təqdim olunan materiallar görkəmli sənətkarın xatirəsinin yaşadılmasına və zəngin irsinin gənc nəsil arasında daha geniş təbliğinə xidmət edir.