Xəbərlər

Prezident Kitabxanasında Xocalı faciəsinin 34-cü ildönümünə həsr olunmuş silsilə tədbirlər keçirilib

Prezident Kitabxanasında Xocalı faciəsinin 34-cü ildönümünə həsr olunmuş silsilə tədbirlər keçirilib

Prezident Kitabxanasında Xocalı faciəsinin 34-cü ildönümünə həsr olunmuş silsilə tədbirlər keçirilib

23–28 fevral 2026-cı il Prezident Kitabxanasında Xocalı faciəsinin 34-cü ildönümünə həsr olunmuş anım tədbirləri və fotosərgi keçirilib. Tədbirlər tarixi həqiqətlərin sənədli materiallar əsasında təqdim olunması və milli yaddaşın qorunması baxımından xüsusi ictimai əhəmiyyət daşıyıb.

Fevralın 23-də beynəlxalq miqyasda tanınan fotojurnalist Reza Deqatinin iştirakı ilə “XOCALI: SƏSSİZLƏRİN SƏSİ REZA DEQATİNİN OBYEKTİVİNDƏ” adlı fotosərginin açılışı və konfrans təşkil olunub. Ekspozisiyada müəllifin Xocalı faciəsini və müharibənin nəticələrini əks etdirən sənədli fotoları nümayiş etdirilib. Fotolar hadisələrin miqyasını və insan talelərində yaratdığı nəticələri vizual faktlar vasitəsilə təqdim edib. Konfrans çərçivəsində fotosərginin ideya məzmunu və sənədli fotoqrafiyanın həqiqətlərin dünyaya çatdırılmasındakı rolu diqqətə çatdırılıb.

Fevralın 26-da Prezident Kitabxanasında Xocalı soyqırımının 34-cü ildönümünə həsr olunmuş “Xocalı – 34: Milli yaddaşın sarsılmazlıq simvolu” adlı anım tədbiri keçirilib. Tədbir zamanı faciə qurbanlarının xatirəsi ehtiramla yad olunub, nümayiş etdirilən fotolar və bədii kompozisiyalar vasitəsilə tariximizin bu qanlı səhifəsi bir daha ictimai yaddaşda canlandırılıb. Çıxışlarda milli yaddaşın qorunmasının və gənc nəslin tarixi faktlara əsaslanan məlumatlandırılmasının əhəmiyyəti vurğulanıb.

Fotosərgi çərçivəsində paytaxtın müxtəlif təhsil müəssisələrinin nümayəndələri ekspozisiya ilə tanış olublar. Sərgidə 27, 269 və 32 nömrəli tam orta məktəblərin, Bakı şəhəri 138 nömrəli tam orta ümumtəhsil məktəbinin, MTK Beynəlxalq Məktəbinin, Milli Konservatoriya nəzdində İncəsənət Gimnaziyasının xoreoqrafiya şöbəsinin, Bakı şəhəri 3 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin “Teatr sənəti” dərnəyinin və vokal qrupunun şagirdləri iştirak ediblər.

Eyni zamanda, Azərbaycan Memarlıq və İnşaat Universiteti, ADA Universiteti, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti, Bakı Slavyan Universiteti və Azərbaycan Texniki Universitetinin tələbələri, Böyük Qayıdış Təşkilatının və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin könüllüləri, eləcə də Azərbaycan İdman Akademiyasının Tələbə Elmi Cəmiyyətinin üzvləri və Azərbaycanın tatar icmasının nümayəndələri sərgini ziyarət ediblər.

Ziyarətçilər ekspozisiyanı böyük maraq və həssaslıqla izləyiblər. Fotolarda əks olunan hadisələr onlarda dərin təəssürat yaradıb, faciənin insan talelərində buraxdığı ağrı və izləri bir daha xatırladıb. Sərgi xüsusilə gənc nəslin nümayəndələrində vətənpərvərlik duyğularının və milli yaddaş şüurunun möhkəmlənməsinə töhfə verib.

Prezident Kitabxanasında keçirilən bu tədbirlər milli tariximizin mühüm hadisələrinin sistemli şəkildə anılması və ictimaiyyətə çatdırılması istiqamətində aparılan ardıcıl fəaliyyətin tərkib hissəsidir. Kitabxana bu istiqamətdə maarifləndirici və sənədli əsaslara söykənən təşəbbüslərini davam etdirir.