Xəbərlər

Prezident Kitabxanasında Arif Məlikovun həyat və yaradıcılığına həsr olunmuş virtual sərgi hazırlanıb

Prezident Kitabxanasında Arif Məlikovun həyat və yaradıcılığına həsr olunmuş virtual sərgi hazırlanıb

Prezident Kitabxanasında Arif Məlikovun həyat və yaradıcılığına həsr olunmuş virtual sərgi hazırlanıb

Prezident Kitabxanasında görkəmli bəstəkar, Azərbaycan Respublikasının Xalq artisti, akademik Arif Məlikovun həyat və yaradıcılığına həsr olunmuş virtual sərgi hazırlanıb. Sərgidə XX əsr Azərbaycan professional musiqisinin görkəmli nümayəndələrindən biri olan bəstəkarın zəngin yaradıcılıq irsi, sənət fəaliyyətinin əsas istiqamətləri və Azərbaycan musiqi mədəniyyətinin inkişafına verdiyi töhfələr əks olunur.

Arif Məlikov Azərbaycan bəstəkarlıq məktəbinin inkişafında mühüm rol oynayıb, milli musiqi ənənələrini müasir bəstəkarlıq üslubu ilə üzvi şəkildə birləşdirərək özünəməxsus yaradıcılıq dəst-xətti formalaşdırıb. Onun yaradıcılıq irsində simfonik və vokal-instrumental əsərlər, baletlər, fortepiano və kamera musiqisi nümunələri, eləcə də kinofilmlər üçün bəstələnmiş musiqilər mühüm yer tutur. Bəstəkarın yaradıcılığının ən parlaq nümunələrindən biri Nazim Hikmətin librettosu əsasında yaratdığı «Məhəbbət əfsanəsi» baletidir. Əsərin premyerası 1961-ci ildə keçirilib və balet sonrakı illərdə dünyanın müxtəlif teatr səhnələrində nümayiş etdirilərək Arif Məlikova beynəlxalq şöhrət qazandırıb.

Virtual sərgidə Arif Məlikovun həyat və yaradıcılığını əks etdirən kitablar, not nəşrləri və elmi-tədqiqat xarakterli materiallar təqdim olunur. Nəşrlərdə bəstəkarın simfonik, vokal, fortepiano və kamera-instrumental yaradıcılığı, əsərlərinin not materialları, yaradıcılığının üslub və ifaçılıq xüsusiyyətləri, eləcə də sənət fəaliyyətinin müxtəlif aspektləri əhatə edilir. Müxtəlif illərdə Azərbaycan, rus və ingilis dillərində nəşr olunmuş bu materiallar bəstəkarın yaradıcılıq irsinin müxtəlif istiqamətlərini təqdim edir.

Virtual sərgi Arif Məlikovun zəngin yaradıcılıq irsinin təbliği, Azərbaycan professional musiqisinin inkişafındakı xidmətlərinin geniş auditoriyaya çatdırılması və bəstəkarın sənət irsinin gələcək nəsillərə tanıdılması məqsədinə xidmət edir. Sərginin elektron formatda təqdim olunması musiqişünaslar, tədqiqatçılar, musiqi sənətinə maraq göstərənlər, eləcə də geniş oxucu auditoriyası üçün Arif Məlikovun yaradıcılığı ilə tanış olmaq və onun Azərbaycan musiqi mədəniyyətindəki rolunu daha yaxından öyrənmək imkanı yaradır.

Virtual sərgi
Arif Məlikov – Azərbaycan musiqi sənətinin görkəmli nümayəndəsi

Arif Məlikov – Azərbaycan musiqi sənətinin görkəmli nümayəndəsi

Virtual sərgi XX əsr Azərbaycan professional musiqisinin görkəmli nümayəndəsi, bəstəkar, pedaqoq, SSRİ və Azərbaycan Respublikasının Xalq artisti, Azərbaycan Dövlət mükafatları laureatı, professor Arif Məlikovun həyat və yaradıcılığına həsr olunur. Arif…