Azərbaycan Milli Elmlər Akademiyasının A.A. Bakıxanov adına Tarix İnstitutu Prezident Kitabxanasına 82 adda kitab hədiyyə edib. 2025-ci ilin may ayında həyata keçirilən bu təşəbbüs Azərbaycanın elmi və mədəni irsinin mühafizəsi və inkişafı baxımından əhəmiyyətli bir addım kimi dəyərləndirilir.
Azərbaycan, rus, türk, ingilis və gürcü dillərində olan kitablar əsasən Azərbaycan və Qafqaz regionunun tarixi, ictimai-siyasi prosesləri, regionşünaslıq və etnoqrafiya sahələrinə həsr olunub. Bu kitablar Prezident Kitabxanasının fondunu zənginləşdirməklə yanaşı, tədqiqatçılar, tələbələr və geniş oxucu kütləsi üçün yeni elmi məlumat mənbəyi olacaqdır.
Prezident Kitabxanası ölkənin aparıcı elmi və mədəni mərkəzlərindən biri olaraq fondunun daim yenilənməsinə xüsusi diqqət yetirir. Bu cür təşəbbüslər kitabxananın dövlət qurumları və elmi müəssisələrlə əməkdaşlığını gücləndirir, eyni zamanda Azərbaycanın zəngin tarixi irsinin gələcək nəsillərə ötürülməsinə töhfə verir. Prezident Kitabxanasının rəhbərliyi Tarix İnstitutunun bu təşəbbüsünü yüksək qiymətləndirir və bu istiqamətdə əməkdaşlığın gələcəkdə də davam etdiriləcəyinə ümid bəsləyir.