Prezident Kitabxanasının Kolleksiyalar bölməsinin “Ədəbi irs” adlı alt bölməsində Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, yazıçı, dramaturq, jurnalist və ictimai xadim Cəlil Məmmədquluzadənin ədəbi irsinə həsr olunmuş xüsusi kolleksiya yaradılıb. Kolleksiya milli ədəbi fikrin formalaşmasında mühüm rol oynamış bu sənətkarın ədəbi və ictimai fəaliyyətinin əsas istiqamətlərini sistemli şəkildə əks etdirir.
Kolleksiyaya daxil olan materiallar Cəlil Məmmədquluzadənin nəsr və dramaturgiya sahəsindəki yaradıcılığını, satirik və publisistik irsini, xatirə və məktublarını, eləcə də onun yaradıcılığına dair elmi-tənqidi araşdırmaları və ümumi mənzərə yaradan nəşrləri əhatə edir. Bu materiallar XIX–XX əsr Azərbaycan ədəbiyyatının əsas inkişaf mərhələlərini, milli mətbuat və dramaturgiyanın təşəkkül prosesini, həmçinin dövrün ictimai-ədəbi mühitini əks etdirir.
Bu kolleksiya Cəlil Məmmədquluzadənin ədəbi-estetik baxışlarını, satirik realizm ənənələrinin formalaşmasındakı rolunu və ictimai mövqeyini ədəbi-tarixi kontekstdə aydın şəkildə izləməyə imkan yaradır. Kitabların vahid platformada təqdim edilməsi yazıcının yaradıcılığının dövrün sosial-mədəni həyatı ilə sıx bağlılığını ardıcıl şəkildə araşdırmağa şərait yaradır.
Hazırlanmış bu kolleksiya tədqiqatçılar, tələbələr, ədəbiyyatşünaslar və ümumilikdə Azərbaycan ədəbiyyatına maraq göstərən geniş oxucu auditoriyası üçün dəyərli elmi və mədəni mənbədir.
Cəlil Məmmədquluzadə Azərbaycan ədəbiyyatının yeni mərhələyə yüksəlməsində müstəsna rol oynamış və bütöv bir ədəbi məktəb formalaşdırmış qüdrətli şəxsiyyətdir. Vətəndaş yazıçının bədii nailiyyətlərlə zəngin irsində azərbaycançılıq məfkurəsi dövrün ictimai-siyasi fikrinin aparıcı…