Xəbərlər

ADA Universitetindən Prezident Kitabxanasına dəyərli nəşrlər hədiyyə olunub

ADA Universitetindən Prezident Kitabxanasına dəyərli nəşrlər hədiyyə olunub

ADA Universitetindən Prezident Kitabxanasına dəyərli nəşrlər hədiyyə olunub

ADA Universitetinin təşəbbüsü və dəstəyi ilə nəşr olunmuş bir sıra fundamental və publisistik əsərlər Prezident Kitabxanasına hədiyyə edilib. Hədiyyə olunan nəşrlər elmi-publisistik dəyəri ilə seçilir və ölkənin akademik-mədəni irsinin tədqiqi üçün qiymətli mənbələrdən sayılır.

Kitablar arasında tanınmış alim və publisist Qafar Hüseynovun "Mir Cəlal dünyası", akademik Musa Əliyevin xatirələrini əks etdirən “Ömrüm (1950–1958-ci illərdə Azərbaycan SSR Elmlər Akademiyasının Prezidenti)”, A.O. Çernyayevskinin klassik “Vətən dili” dərsliyi, eləcə də Məhəmməd Əmin Rəsulzadə və Ömər Faiq Nemanzadənin "Azərbaycan" qəzetində dərc olunmuş yazılar toplusu yer alır. Həmçinin, diplomatiya sahəsində tanınmış dövlət xadimi Hafiz Paşayevin diplomatik irsini əks etdirən “An Ambassador’s Manifesto” adlı əsəri də Prezident Kitabxanasının fonduna hədiyyə edilib.

Bununla yanaşı, ADA Universitetinin nəzdində fəaliyyət göstərən İnkişaf və Diplomatiya İnstitutu tərəfindən nəşr olunan, ingilis dilində rüblük elmi-analitik jurnal – “Baku Dialogues” da kitabxanaya təqdim olunub. Bu nəşr beynəlxalq münasibətlər, regional geosiyasət və qlobal çağırışlar mövzusunda analitik yazıları ilə seçilir və mütəxəssislər üçün dəyərli məlumat mənbəyidir.

Hədiyyə edilən bu nəşrlər Prezident Kitabxanasının elmi resurs bazasını daha da zənginləşdirməklə yanaşı, Azərbaycanın intellektual irsinin təbliği, araşdırılması və qorunmasında əhəmiyyətli rol oynayır.