Azərbaycan ədəbiyyatının tanınmış nümayəndəsi, nasir, publisist, tərcüməçi, ədəbiyyatşünas, ictimai-siyasi xadim və Xalq yazıçısı Elmira Axundova Prezident Kitabxanasına dəyərli nəşrlər hədiyyə edib.
Hədiyyə olunan kitablar arasında yazıçının özünün müəllifi olduğu, həm Azərbaycan, həm də rus dillərində nəşr edilmiş fundamental əsərlər yer alır. Bu nəşrlərin bir qismi Ümummilli lider Heydər Əliyev dövrünün mənəvi-intellektual mənzərəsini, onun yaradıcı ziyalılarla münasibətlərini və siyasi mühitin xüsusiyyətlərini əks etdirən sənədli-publisistik əsərlərdən ibarətdir.
Bununla yanaşı, təqdim edilən nəşrlər arasında tanınmış ictimai xadim Anar Məmmədxanovun həyatına, fəaliyyətinə və dünyagörüşünə həsr edilmiş kitablar da yer alır.
Prezident Kitabxanasının fonduna daxil edilən bu kitablar geniş oxucu auditoriyası üçün Azərbaycanın ictimai-siyasi tarixinin, ziyalı mühitinin və tanınmış şəxslərin həyat yolunun daha dərindən öyrənilməsi baxımından mühüm mənbə kimi əhəmiyyət kəsb edir.
Prezident Kitabxanasının rəhbərliyi fondun zənginləşdirilməsinə verdiyi töhfəyə görə Azərbaycan Respublikasının Xalq yazıçısı Elmira Axundovaya minnətdarlığını bildirir.