Xəbərlər

İqtisadiyyat və idarəetmə sahələrinə dair yeni nəşrlər Prezident Kitabxanasına hədiyyə edilib

İqtisadiyyat və idarəetmə sahələrinə dair yeni nəşrlər Prezident Kitabxanasına hədiyyə edilib

İqtisadiyyat və idarəetmə sahələrinə dair yeni nəşrlər Prezident Kitabxanasına hədiyyə edilib

İqtisad elmləri doktoru, professor Hənifə Cəfərli müəllifi olduğu “Azərbaycan iqtisadiyyatının davamlı inkişafı: makroiqtisadi çağırışlar və strateji hədəflər” və “İdarəetmə təhlili” adlı kitabları, Əvəz Ələkbərovla həmmüəllifi olduğu “Maliyyə təhlili” dərsliyini Prezident Kitabxanasına hədiyyə edib.

“Maliyyə təhlili” dərsliyində kommersiya subyektlərinin maliyyə-təsərrüfat fəaliyyətinin təhlilinin nəzəri əsasları və tətbiqi məsələləri araşdırılır. Nəşrdə maliyyə təhlilinin idarəetmə sistemində rolu, iqtisadi-riyazi metodlar, maliyyə nəticələri, rentabellik, işgüzar fəallıq və maliyyə vəziyyətinin qiymətləndirilməsi, eləcə də inflyasiyanın maliyyə nəticələrinə təsiri kimi məsələlər təhlil olunur. Dərslikdə maliyyə-təsərrüfat fəaliyyətinin səmərəliliyinin kompleks qiymətləndirilməsi və funksional diaqnostika üzrə metodiki yanaşmalar, habelə analitik hesablamaların konkret nümunələri də təqdim edilir.

“Azərbaycan iqtisadiyyatının davamlı inkişafı: makroiqtisadi çağırışlar və strateji hədəflər” monoqrafiyasında qlobal iqtisadi proseslərin müasir tendensiyaları və onların milli iqtisadiyyatın inkişafına təsiri, Azərbaycanın davamlı iqtisadi inkişafının makroiqtisadi aspektləri araşdırılır. Əsərdə milli iqtisadiyyatın inkişaf problemləri, qeyri-neft sektorunun perspektivləri, rəqabətlilik və iqtisadi təhlükəsizliyin gücləndirilməsi, strateji hədəflərin reallaşdırılması məsələləri təhlil olunur. Bununla yanaşı, rəqəmsal transformasiya və yaşıl iqtisadiyyat şəraitində iqtisadi inkişafın prioritet istiqamətləri nəzərdən keçirilir.

“İdarəetmə təhlili” dərs vəsaitində iqtisadi təhlilin nəzəri əsasları, idarəetmədə rolu və təsərrüfat subyektlərinin fəaliyyətinin kompleks qiymətləndirilməsi metodologiyası şərh olunur. Nəşrdə marketinq, istehsal və satışın həcmi, əmək və material ehtiyatlarından, əsas fondlardan istifadə, məhsul, iş və xidmətlərin maya dəyərinin təhlili ilə bağlı metodiki məsələlərə yer verilir. Analitik yanaşmalar konkret rəqəmli nümunələrlə izah olunur.

Nəşrlər iqtisadiyyat və idarəetmə sahəsində təhsil alan tələbə və doktorantlar, eləcə də bu istiqamətlər üzrə çalışan mütəxəssislər və tədqiqatçılar üçün faydalıdır.