Azərbaycan Respublikası Dövlət Elmi Tibb Kitabxanası tərəfindən Prezident Kitabxanasına tibb elminin müxtəlif sahələrini əhatə edən 14 adda 30 nüsxədən ibarət elmi nəşrlər hədiyyə olunub. Təqdim edilən nəşrlər müasir səhiyyə yanaşmaları, diaqnostika və müalicə metodları, profilaktika məsələləri, eləcə də fundamental və tətbiqi tibbi tədqiqatların nəticələrini əks etdirən dəyərli elmi mənbələrdir.
Hədiyyə olunan kitablar mamalıq və ginekologiya, onkologiya, infeksion xəstəliklər, immunologiya, ictimai sağlamlıq və uzunömürlülük kimi aktual istiqamətləri əhatə etməklə, tibbi biliklərin həm nəzəri, həm də praktik aspektlərinin sistemli və elmi əsaslarla təqdim olunmasına xidmət edir. Nəşrlər elmi tədqiqatçılar, mütəxəssislər və geniş oxucu auditoriyası üçün etibarlı istinad mənbəyi kimi nəzərdə tutulub.
Eyni zamanda təqdim edilən elmi toplular və konfrans materialları Azərbaycan tibb elminin inkişaf mərhələlərini, görkəmli alimlərin elmi irsini və milli səhiyyə sisteminin formalaşmasında aparılan elmi araşdırmaların nəticələrini əks etdirir. Bu nəşrlər Prezident Kitabxanasının elmi fondunun zənginləşdirilməsi ilə yanaşı, milli elmi yaddaşın qorunması baxımından da əhəmiyyət kəsb edir.
Hədiyyə olunan kitabların oxucuların istifadəsinə verilməsi elmi məlumatlara çıxış imkanlarını genişləndirməklə yanaşı, kitabxanalararası əməkdaşlığın inkişafına, tibbi biliklərin sistemli şəkildə qorunmasına və gələcək nəsillərə ötürülməsinə əlverişli şərait yaradır.
Prezident Kitabxanası rəhbərliyi göstərilən diqqətə görə Azərbaycan Respublikası Dövlət Elmi Tibb Kitabxanasına təşəkkürünü bildirir və bu təşəbbüsü elmi resursların zənginləşdirilməsi, milli səhiyyə irsinin qorunması və elmi-mədəni əməkdaşlığın möhkəmləndirilməsi baxımından dəyərli addım kimi qiymətləndirir.