Şah İsmayıl Xətainin bir qism qəzəllərindən ibarət “Qəzəllər” adlı kitab şəxsi kolleksiyadan Prezident Kitabxanasına hədiyyə edilib.
1946-cı ildə Bakıda Azərbaycanın İranla Mədəni Əlaqələr Cəmiyyəti tərəfindən Azərbaycan dilində, əski əlifba ilə nəşr olunan bu nadir kitab Səfəvi dövlətinin banisi, görkəmli Azərbaycan şairi və dövlət xadimi Şah İsmayıl Xətainin poeziya irsini əks etdirir. Nəşrə şairin məhəbbət, mənəvi həyəcanlar və ruhi axtarışlar mövzularını əks etdirən qəzəlləri daxil edilib.
166 lirik qəzəli kitaba daxil edən akademik Həmid Araslı Əlyazmalar fondunda saxlanılan Xətai “Divanı”ndan, həmçinin Britaniya Muzeyi nüsxəsi ilə Ərdəbil nüsxəsi əsasında tərtib edilmiş əlyazmadan istifadə edib. Kitabın giriş hissəsində akademik Həmid Araslının “Şah İsmayıl Xətainin ədəbi yaradıcılığı” və Z. İbrahimovun “Böyük dövlət xadimi” adlı məqalələri yer alıb.
Bu məqalələrdə Şah İsmayıl Xətainin dövlətçilik fəaliyyəti, tarixdəki rolu və ədəbi yaradıcılığı haqqında məlumat verilir. Beləliklə, nəşrdə Xətainin yalnız poetik irsi deyil, onun dövlət xadimi və ədəbiyyat nümayəndəsi kimi fəaliyyəti də təqdim olunur. Kitabın bədii tərtibatında istifadə edilən nəfis nəbati naxışlar isə Şərq kitab mədəniyyətinin ənənələrini əks etdirir.
Nadir nəşr Şah İsmayıl Xətainin poetik irsinin və ədəbi yaradıcılığının, eləcə də onun Azərbaycan tarixində və mədəniyyətindəki yerinin öyrənilməsi baxımından əhəmiyyətli mənbədir. Kitabın Prezident Kitabxanasının fonduna daxil edilməsi Xətainin zəngin ədəbi irsini əks etdirən bu qiymətli nəşrin kitabxananın nadir ədəbiyyat fondunda qorunmasına və tədqiqatlarda istifadəsinə şərait yaradır.