Azərbaycan Tibb Universitetinin “Ailə təbabəti” kafedrasının müdiri, tibb elmləri doktoru, Əməkdar həkim, Əməkdar elm xadimi, professor İbrahim İsayev Prezident Kitabxanasına tibb sahəsinə dair 7 adda kitab hədiyyə edib.
Professor İbrahim İsayev tibb təhsili və pediatriya sahəsində çoxillik fəaliyyəti, xüsusilə uşaq kardiorevmatologiyasının aktual problemlərinə həsr olunmuş tədqiqatları ilə tanınır. Onun müəllifi olduğu dərsliklər, metodik vəsaitlər, fundamental araşdırmalar və elmi məqalələr Azərbaycan səhiyyəsi və tibb elminin inkişafında mühüm rol oynayır.
Prezident Kitabxanasına hədiyyə edilən kitablar ailə təbabəti, tibb bacılığı, daxili xəstəliklər, pediatriya, tibbi semiologiya və tibb təhsili ilə bağlı mövzuları əhatə edir. Bu nəşrlər tibb sahəsində çalışan mütəxəssislər, ali tibb təhsili alan tələbələr, rezidentlər və tədqiqatçılar üçün faydalı mənbələrdən biridir. Bununla yanaşı, səhiyyə və sağlamlıq mövzularına maraq göstərən geniş oxucu auditoriyası, xüsusilə ailə sağlamlığı və uşaq inkişafı məsələləri ilə maraqlanan gənc ailələr üçün də əhəmiyyətli məlumat resursudur. Kitablar tibbi biliklərin sistemləşdirilməsinə, peşəkar hazırlığın təkmilləşdirilməsinə və tibbi maariflənməyə xidmət edir.
Prezident Kitabxanası fondlarının zənginləşdirilməsinə verdiyi töhfəyə görə professor İbrahim İsayevə təşəkkürünü bildirir.