Türkiyə Respublikasının Ege Universitetinin Türk Dünyası Araşdırmaları İnstitutunun Türk Dünyasının Sosial, İqtisadi və Siyasi Əlaqələr kafedrasının müdiri, professor Vəfa Kurban “Western Azerbaijan and the Zangezur Corridor: History, Economy, Law, and Regional Power Struggle” (“Qərbi Azərbaycan və Zəngəzur dəhlizi: tarix, iqtisadiyyat, hüquq və regional güc mübarizəsi”) kitabını Prezident Kitabxanasına hədiyyə edib.
Nəşrdə Cənubi Qafqazın geosiyasi baxımdan mühüm məkanlarından biri olan Zəngəzur dəhlizi və Qərbi Azərbaycanla bağlı məsələlər tarix, beynəlxalq münasibətlər, beynəlxalq hüquq, iqtisadiyyat və strategiya müstəvisində araşdırılır. Kitabda mövzunun tarixi inkişafı, demoqrafik dəyişikliklər, beynəlxalq hüquqi çərçivə, iqtisadi dinamikalar və regionda güc münasibətlərinin dəyişməsi ilə bağlı məsələlərə yer verilir.
2020-ci ildə Azərbaycanın əldə etdiyi Zəfərdən sonra Cənubi Qafqazda yaranan yeni geosiyasi şərait fonunda Zəngəzur dəhlizinin rolu ayrıca nəzərdən keçirilir. Türkiyə ilə Azərbaycan arasında birbaşa əlaqənin təmin olunmasına yönələn bu marşrutun nəqliyyat və iqtisadi əlaqələrin inkişafı ilə yanaşı, regional əməkdaşlıq, sülh və Türk dünyası arasında inteqrasiya baxımından mümkün təsirləri də kitabda təhlil edilir.
Nəşrdə Zəngəzur dəhlizinin regional geosiyasətə mümkün təsirləri, iqtisadi perspektivləri, beynəlxalq hüquqla bağlı məsələlər, demoqrafik proseslər və müxtəlif tərəflərin maraqları geniş şəkildə təhlil olunur. Müəllif bu mövzuları ayrı-ayrı sahələrin yanaşmalarını əlaqələndirməklə təqdim edir və dəhlizin regionun gələcək siyasi və iqtisadi mənzərəsinə mümkün təsirlərini də nəzərdən keçirir.
Kitabda yer alan araşdırmalar tarix, beynəlxalq münasibətlər, beynəlxalq hüquq, iqtisadiyyat və regional siyasət üzrə çalışan tədqiqatçılar və mütəxəssislər üçün mövzunun tarixi inkişafını, hüquqi əsaslarını, iqtisadi nəticələrini və geosiyasi kontekstini bir mənbə üzərindən izləməyə imkan verən sistemli material təqdim edir.
Kurban, Vefa. Western Azerbaijan and the Zangezur Corridor: History, Economy, Law, and Regional Power Struggle / V. Kurban.- Cambridge : Cambridge Scholars Publishing, 2026.- 369 p.- İngilis dilində.