Prezident Kitabxanasının fonduna sənətşünaslıq üzrə fəlsəfə doktoru Könül Əhmədova-Yusifova tərəfindən “Azərbaycan musiqisində komizm” və “İnstrumental musiqidə komizm” adlı kitablar hədiyyə olunub.
“Azərbaycan musiqisində komizm” monoqrafiyası əsasən Azərbaycan musiqisində komik elementlərin təhlilinə həsr edilib. Kitab vokal və musiqili-səhnə əsərlərinə diqqət ayıraraq bəstəkarların musiqi vasitələrindən istifadə edərək yumoristik effekt yaratma üsullarını araşdırır. Eyni zamanda, komik janrların formalaşması və inkişaf səbəbləri tarixi-mədəni kontekstdə izah olunur. Dahi Ü.Hacıbəyli və digər görkəmli bəstəkarların əsərlərində komizmin müxtəlif formaları və ifadə vasitələri nəzərdən keçirilərək mahiyyəti açıqlanıb. Bu monoqrafiya musiqişünaslar, ifaçılar və Azərbaycan musiqisinə maraq göstərən oxucular üçün qiymətli mənbədir.
“İnstrumental musiqidə komizm” adlı monoqrafiya isə müxtəlif dövr və üslubların instrumental musiqisində komizmi yaradan ənənəvi və yeni ifadə vasitələrinin tədqiqinə həsr olunub. Kitabda tarixi, janr və mədəni kontekstlərin roluna xüsusi diqqət yetirilir. Komizmin struktur, melodik, ritmik, tembr və dinamik xüsusiyyətləri araşdırılaraq, onun sosial və mədəni prosesləri əks etdirmə qabiliyyəti vurğulanır. Nəşr musiqişünaslar, ifaçılar və musiqi ilə komik sənət arasındakı qarşılıqlı əlaqəni öyrənmək istəyən oxucular üçün nəzərdə tutulub.
Hədiyyə olunan bu nəşrlər Prezident Kitabxanasının kolleksiyasını zənginləşdirir və Azərbaycan musiqi irsinin öyrənilməsi üçün yeni imkanlar yaradır.