Bakı Dövlət Universitetinin Azərbaycan tarixi (humanitar fakültələr üzrə) kafedrasının dosenti, tarix elmləri namizədi Əziz Boran müəllifi olduğu elmi əsərlərini Prezident Kitabxanasına hədiyyə edib.
Kitabxanaya hədiyyə olunan nəşrlərdə Azərbaycanın dövlətçilik tarixi, milli istiqlal mübarizəsi və mədəni irsinə dair mühüm araşdırmalar yer alıb. Tədqiqatlarda əsasən Azərbaycan Xalq Cümhuriyyəti uğrunda aparılan mübarizə, eləcə də ötən əsrin 30-cu illərindəki repressiya dalğasının həm paytaxtdakı akademik mühitə, həm də bölgələrə təsirini əks etdirən arxiv sənədləri və faktoloji materiallar əsasında təqdim olunur. Bundan başqa, müəllifin yaradıcılığında xüsusi yer tutan Qarabağın, o cümlədən Şuşanın tarixi və mədəniyyəti ilə bağlı elmi-tarixi təhlillər də oxucuların istifadəsinə verilib.
Prezident Kitabxanasının rəhbərliyi və kollektivi kitabxana fondunun zənginləşdirilməsində göstərdiyi təşəbbüsə görə Əziz Borana öz dərin təşəkkürünü bildirir.
Tarixi yaddaşın qorunması baxımından xüsusi əhəmiyyət kəsb edən bu nəşrlər həm peşəkar tədqiqatçılar, həm də geniş oxucu auditoriyası üçün mötəbər mənbə bazası rolunu oynayacaq.