Xəbərlər

Prezident Kitabxanasından “Azərbaycan-Bolqarıstan Dostluğunun İnkişafına Yardım” İctimai Birliyinə kitab hədiyyəsi

Prezident Kitabxanasından “Azərbaycan-Bolqarıstan Dostluğunun İnkişafına Yardım” İctimai Birliyinə kitab hədiyyəsi

Prezident Kitabxanasından “Azərbaycan-Bolqarıstan Dostluğunun İnkişafına Yardım” İctimai Birliyinə kitab hədiyyəsi

Prezident Kitabxanası Bolqarıstanda fəaliyyət göstərən “Azərbaycan-Bolqarıstan Dostluğunun İnkişafına Yardım” İctimai Birliyinə 20 adda, 20 nüsxə kitab hədiyyə edib. Bu nəşrlər əsasında Bolqarıstanda Azərbaycan Respublikasının Konstitusiya və Suverenlik ilinə həsr olunmuş sərginin təşkili nəzərdə tutulur.

Sərginin əsas məqsədi Ümummilli lider Heydər Əliyevin zəngin siyasi irsinin, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən dövlət siyasətinin və ölkəmizin hüquqi, demokratik inkişaf yolunun Bolqarıstan ictimaiyyətinə tanıdılmasıdır.

Təqdim olunan nəşrlər sırasında Ulu Öndərin həyat və fəaliyyətini, Prezident İlham Əliyevin daxili və xarici siyasət prioritetlərini, eyni zamanda müasir Azərbaycanın dövlətçilik modelini əks etdirən kitablar yer alır. Sərgidə nümayiş etdiriləcək bu nəşrlər Azərbaycan dövlətçiliyinin formalaşması və inkişafı prosesini, milli maraqların müdafiəsi istiqamətində həyata keçirilən strateji siyasəti əks etdirməklə, ölkəmiz haqqında obyektiv məlumatların yayılmasına xidmət edəcək.

Bu təşəbbüs Azərbaycanın dövlətçilik dəyərlərinin və tarixi-siyasi həqiqətlərinin beynəlxalq miqyasda daha geniş auditoriyalara çatdırılmasına xidmət etməklə yanaşı, xaricdə fəaliyyət göstərən diaspor təşkilatlarının elmi-mədəni fəaliyyətlərinin təşviqi baxımından da xüsusi əhəmiyyət kəsb edir, eyni zamanda Azərbaycan-Bolqarıstan dostluq münasibətlərinin möhkəmləndirilməsinə və ölkəmizin Avropa ictimaiyyətində dolğun və obyektiv şəkildə təqdim olunmasına mühüm töhfə verir.