Xəbərlər

Prezident Kitabxanasında Beynəlxalq Ana Dili Gününə həsr olunmuş kitab sərgisi təşkil olunub

Prezident Kitabxanasında Beynəlxalq Ana Dili Gününə həsr olunmuş kitab sərgisi təşkil olunub

Prezident Kitabxanasında Beynəlxalq Ana Dili Gününə həsr olunmuş kitab sərgisi təşkil olunub

Prezident Kitabxanasında Beynəlxalq Ana Dili Günü münasibətilə kitab sərgisi təşkil olunub. Hər il fevralın 21-də bütün dünyada qeyd edilən bu gün, 1999-cu ilin noyabrında Banqladeş səfirinin təşəbbüsü ilə UNESCO tərəfindən rəsmi olaraq elan edilib. Beynəlxalq Ana Dili Gününün qeyd edilməsindəki başlıca məqsəd dünya miqyasında dil və mədəniyyət müxtəlifliyini qoruyub yaşatmaqdır.

Sərgidə dilçiliyin geniş spektrini əhatə edən nəşrlər nümayiş edilib. Ümumi dilçilik nəzəriyyəsi və koqnitiv elmlər, ana dili tədrisi metodikası, frazeologiya, üslubiyyat, türkoloji tədqiqatlar, müqayisəli-tarixi dilçilik və dil siyasəti kimi sahələrə aid nəşrlərlə yanaşı, Azərbaycan, türk, ingilis, fransız, alman, ərəb, ispan, italyan, fars və rus dillərinə dair dərsliklər, lüğətlər, monoqrafiyalar və metodiki vəsaitlər də sərgidə yer alıb. Sərgilənən nəşrlər müxtəlif səviyyəli oxucu auditoriyası üçün nəzərdə tutulub.

Sərgi həm də Azərbaycanda ana dilinin dövlət səviyyəsindəki inkişaf tarixini diqqət mərkəzinə gətirib. Ölkəmizdə Azərbaycan dilinin hərtərəfli inkişafı, işlək dövlət dilinə çevrilməsi və beynəlxalq arenada layiqli yerini tutması Ümummilli lider Heydər Əliyevin düşünülmüş və ardıcıl dil siyasətinin bilavasitə nəticəsidir.

Ümummilli liderin qətiyyəti sayəsində Azərbaycan SSR Konstitusiyasının 73-cü maddəsinə dəyişiklik edilərək Azərbaycan dilinin dövlət dili statusu 1978-ci ildə Konstitusiya səviyyəsində təsbit olunub. Azərbaycan müstəqillik qazandıqdan sonra 1995-ci ildə qəbul edilən Konstitusiya ilə dövlət dilinin adı rəsmən bərpa edilib və hökumət səviyyəsində ana dilinin qorunması istiqamətində mühüm sənədlər qəbul edilib.

Ulu Öndərin həyata keçirdiyi dil siyasəti bu gün Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Prezident İlham Əliyev dil məsələsini siyasi fəaliyyətinin əsas qayəsi kimi dəyərləndirərək Azərbaycan dilinin saflığının qorunması və inkişafı istiqamətində ardıcıl, məqsədyönlü siyasət aparır, çıxışlarında bu mövzuya sistematik şəkildə yer verməklə dilin dövlət prioriteti olaraq qaldığını bir daha təsdiqləyir.

Bu sərgi həm dilçilik sahəsində çalışan mütəxəssislər, həm də mövzuya maraq göstərən geniş ictimaiyyət üçün əhəmiyyət daşıyır. Təşkil edilən kitab sərgisi dilçilik sahəsindəki elmi nəşrləri və tarixi inkişaf mərhələlərini əks etdirən kitabları oxuculara çatdırmaqla yanaşı, cəmiyyətin bu sahəyə olan marağını da gücləndirir.

Sərgilənən kitablar