Xəbərlər

Prezident Kitabxanasında Zəngilan şəhərinin işğaldan azad edilməsinə həsr olunmuş virtual sərgi hazırlanıb

Prezident Kitabxanasında Zəngilan şəhərinin işğaldan azad edilməsinə həsr olunmuş virtual sərgi hazırlanıb

Prezident Kitabxanasında Zəngilan şəhərinin işğaldan azad edilməsinə həsr olunmuş virtual sərgi hazırlanıb

Azərbaycan Respublikası Prezidentinin 31 iyul 2023-cü il tarixli Sərəncamına əsasən, 20 oktyabr Zəngilan şəhəri günü kimi qeyd olunur. Bu münasibətlə Prezident Kitabxanasında Zəngilan şəhərinin işğaldan azad edilməsinə, tarixinə və mədəni irsinə həsr olunmuş virtual sərgi hazırlanıb.

Sərgidə Zəngilanın tarixi keçmişi, mədəni irsi, təbii-coğrafi xüsusiyyətləri və bölgənin inkişafı ilə bağlı müxtəlif nəşrlər təqdim olunur. Kitablar şəhərin tarixi və coğrafiyasının, tarixi abidələrinin və toponimlərinin öyrənilməsi, Qarabağ və Şərqi Zəngəzurun mədəni irsinin araşdırılması baxımından əhəmiyyət daşıyır. Təqdim olunan materiallar Zəngilanın tarixi-mədəni xüsusiyyətləri ilə yanaşı, bölgənin Azərbaycanın ümumi tarixindəki yerini daha ətraflı izləməyə imkan verir.

Virtual sərgidə Vətən müharibəsinin tarixi, Azərbaycanın ərazi bütövlüyünün bərpası və Zəngilanın işğaldan azad edilməsi ilə bağlı nəşrlərə də yer verilib. Bu materiallar 2020-ci il oktyabrın 20-də Zəngilan şəhərinin azad olunmasının tarixi əhəmiyyətini, müharibənin gedişini və Azərbaycanın qazandığı qələbənin siyasi-tarixi nəticələrini əks etdirir. Sərgidə, həmçinin işğaldan azad edilmiş ərazilərdə aparılan bərpa və yenidənqurma işləri, Qarabağ və Şərqi Zəngəzurun sosial-iqtisadi inkişafı haqqında nəşrlər təqdim olunur.

Virtual sərgi Zəngilanın tarixi yaddaşının qorunmasına, şəhərin mədəni irsinin tanıdılmasına və işğaldan azad edilmiş ərazilərin keçmişi ilə bugünkü inkişafı arasında əlaqələrin öyrənilməsinə xidmət edir. Sərgidəki nəşrlər tarixçilər, tədqiqatçılar, tələbələr və Azərbaycan tarixini, Qarabağın mədəni irsini öyrənən geniş oxucu auditoriyası üçün məlumat mənbəyi kimi əhəmiyyət daşıyır.
 

Virtual sərgi
20 oktyabr – Zəngilan Şəhəri Günü

20 oktyabr – Zəngilan Şəhəri Günü

Zəngilan şəhərinin tarixi inkişafını, maddi və qeyri-maddi mədəni irsini, təbii-coğrafi xüsusiyyətlərini və sosial-iqtisadi potensialını əks etdirən virtual sərgi bölgənin tarixi-mədəni dəyərlərinin öyrənilməsi və təbliğinə həsr olunmuşdur. Sərgidə şəhərin keçmişi, memarlıq…