Prezident Kitabxanasının fonduna Azərbaycan, rus və ingilis dillərində 51 adda yeni kitab daxil olub. Nəşrlər ədəbiyyat, tarix, mədəniyyət, incəsənət, kino, musiqi, elm, sosial və ictimai məsələlər üzrə müxtəlif mövzuları əhatə edir.
Yeni nəşrlər sırasında dünya və müasir ədəbiyyat nümunələri, yazıçı və sənət adamlarının yaradıcılığına həsr olunmuş əsərlər, tanınmış şəxsiyyətlərin həyat və fəaliyyətindən bəhs edən bioqrafik kitablar, insan yaddaşı və şəxsi münasibətlər, qadınların həyat yolu və cəmiyyətdəki mövqeyi ilə bağlı araşdırmalar xüsusi yer tutur.
Tarix və mədəniyyətə dair nəşrlərdə Osmanlı imperiyasının tarixi, imperiyadan respublikaya keçid dövrü, Koreyanın tarixi və mədəni irsi, Maya və Astek mifologiyası, eləcə də Qarabağ münaqişəsi və onun həlli istiqamətində gedən proseslər haqqında məlumat və araşdırmalar təqdim olunur. İncəsənət istiqamətindəki kitablar incəsənət tarixi, modernizm, fotoqrafiya, musiqi, moda və dizayn, kino yaradıcılığı, həmçinin süni intellektin kino sənətinə təsiri kimi mövzuları əhatə edir. Riyaziyyat və elm sahələrinə dair elmi-populyar nəşrlərlə yanaşı, iqtisadi və ictimai məsələlər, qadın hüquqları, insan həyatı və şəxsi təcrübələrə dair kitablar da yeni daxilolmalar sırasındadır.
Mövzu müxtəlifliyi ilə seçilən nəşrlər geniş oxucu auditoriyasının mütaliə dairəsini genişləndirir, tədqiqatçılar üçün müxtəlif istiqamətlər üzrə ədəbiyyat seçimini artırır, ədəbiyyat, tarix, mədəniyyət, incəsənət və digər sahələrlə maraqlanan şəxslərin yeni nəşrlərlə tanışlığına imkan verir.