Xəbərlər

Prezident Kitabxanasında “Heydər Əliyevin dövlətçilik və diplomatiya dərsləri. I kitab”ın təqdimatı keçirilib

Prezident Kitabxanasında “Heydər Əliyevin dövlətçilik və diplomatiya dərsləri. I kitab”ın təqdimatı keçirilib

Prezident Kitabxanasında “Heydər Əliyevin dövlətçilik və diplomatiya dərsləri. I kitab”ın təqdimatı keçirilib

2026-cı il iyunun 30-da Prezident Kitabxanasının Konfrans zalında tanınmış ictimai xadim, Əməkdar mədəniyyət işçisi Aslan Aslanovun “Heydər Əliyevin dövlətçilik və diplomatiya dərsləri. I kitab” adlı nəşrinin təqdimatı keçirilib. Tədbirdə dövlət rəsmiləri, alimlər, ictimai-siyasi xadimlər və media nümayəndələri iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan Prezident Kitabxanasının direktoru, professor Afət Abbasova Ümummilli Lider Heydər Əliyevin zəngin dövlətçilik irsinin öyrənilməsi və təbliği baxımından kitabın mühüm elmi-tarixi əhəmiyyət daşıdığını vurğulayıb. Qeyd olunub ki, müəllif canlı salnaməçi kimi oxucunu müstəqilliyin ilk illərinin mürəkkəb siyasi-iqtisadi mənzərəsinə aparır və Ulu Öndərin xilaskarlıq missiyasını təhlil edir.

Daha sonra Ümummilli Liderin həyat və fəaliyyətinə, habelə kitabın əhatə etdiyi tarixi dövrə həsr olunmuş videoçarx nümayiş etdirilib.

Tədbirdə çıxış edən professor, tarixçi-alim Dilarə Seyidzadə, deputatlar Rafael Hüseynov, Səyyad Aran, Hikmət Babaoğlu kitabın əhəmiyyətindən bəhs ediblər. Natiqlər qeyd ediblər ki, nəşrdə əsas diqqət taleyüklü bir dövrdə hakimiyyətə qayıdan dövlət rəhbərinin daxili sabitliyin bərpası, dövlətçiliyin qorunması və milli birliyin təmin edilməsi istiqamətində atdığı mühüm addımlara yönəldilib.

Jurnalist Mixail Qusman, ictimai-siyasi xadim Əli Həsənov və Xalq yazıçısı Elmira Axundova öz çıxışlarında Ulu Öndərin uzaqgörən xarici siyasəti və diplomatik məharəti sayəsində gənc respublikanın dünya arenasına çıxarılması prosesinin kitabda yüksək obyektivliklə əks olunduğunu bildiriblər. Vurğulanıb ki, məhz bu strategiya nəticəsində Azərbaycan beynəlxalq münasibətlər sistemində öz layiqli yerini tutmuş və qlobal layihələrin etibarlı tərəfdaşına çevrilmişdir.

Tarix üzrə fəlsəfə doktoru, AMEA-nın A. A. Bakıxanov adına Tarix və Etnologiya İnstitutunun “Qərbi Azərbaycan tarixi” şöbəsinin müdiri Cəbi Bəhramov kitabın Azərbaycan dövlətçilik tarixinin mühüm bir dövrünə elmi və obyektiv baxış təqdim edən dəyərli bir araşdırma olduğunu diqqətə çatdırıb.

Müəllif Aslan Aslanov çıxışında kitabın ərsəyə gəlməsi prosesindən danışaraq nəşrin hazırlanmasında əsas məqsədin Ümummilli Lider Heydər Əliyevin dövlətçilik fəlsəfəsini, siyasi irsini və diplomatik fəaliyyətini tarixi faktlar əsasında gələcək nəsillərə çatdırmaq olduğunu bildirib.

Tədbirin sonunda Prezident Kitabxanasının direktoru, professor Afət Abbasova çıxış edərək təqdimat iştirakçılarına təşəkkürünü bildirib, bu kimi elmi və ictimai əhəmiyyətli nəşrlərin Azərbaycan dövlətçilik tarixinin öyrənilməsi və təbliği baxımından mühüm rol oynadığını vurğulayıb.

Kitab haqqında
Heydər Əliyevin dövlətçilik və diplomatiya dərsləri

Heydər Əliyevin dövlətçilik və diplomatiya dərsləri

Aslanov, Aslan Əhməd oğlu. Heydər Əliyevin dövlətçilik və diplomatiya dərsləri / A. Ə. Aslanov; red.: H. Babaoğlu, E. Qədirli.
I kitab.- Bakı: Savad, 2026.- 304 s.