Prezident Kitabxanasının fonduna "Libraff" MMC tərəfindən 55 adda kitab daxil olub.
Fonda daxil edilən nəşrlər tarix, dövlətçilik, geosiyasət, iqtisadiyyat, fəlsəfə, psixologiya, informasiya texnologiyaları, marketinq, mədəniyyət, dünya ölkələrinin tarixi, kulinariya, eləcə də klassik və müasir bədii ədəbiyyat kimi müxtəlif istiqamətləri əhatə edir. Azərbaycan, türk, rus və ingilis dillərində nəşr olunmuş bu əsərlər kitabxana fondunun tematik əhatəsinin genişlənməsinə, müxtəlifdilli nəşrlərlə daha da zənginləşməsinə və istifadəçilərin müxtəlif elm və bilik sahələri üzrə aktual mənbələrə çıxış imkanlarının genişləndirilməsinə xidmət edir.
Mövzu rəngarəngliyi və aktuallığı ilə seçilən nəşrlər tədqiqatçılar, ali təhsil müəssisələrinin müəllim və tələbələri, müxtəlif sahələr üzrə fəaliyyət göstərən mütəxəssislər, həmçinin geniş oxucu auditoriyası üçün dəyərli bilik mənbəyidir. Onlar tarixi irsin, ictimai-siyasi proseslərin, iqtisadi inkişaf meyillərinin, fəlsəfi düşüncənin, müasir idarəetmə yanaşmalarının və bədii-estetik irsin daha dərindən öyrənilməsinə, müqayisəli təhlillərin aparılmasına və intellektual hazırlığın möhkəmləndirilməsinə əlverişli imkan yaradır.