Prezident Kitabxanasının fonduna Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin fəaliyyətini sistemli şəkildə əks etdirən “İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin 144-cü cildi daxil olub. Bu nəşr 2025-ci ilin aprel-may aylarında ölkə daxilində və beynəlxalq miqyasda baş verən əsas siyasi hadisələri, Prezidentin çıxış və görüşlərini əks etdirir.
Kitabda Prezident İlham Əliyevin Türkiyə və Albaniya respublikalarına, Macarıstana rəsmi səfərləri, Antalya Diplomatiya Forumunun açılış mərasimində, Avropa Siyasi Birliyinin 6-cı Zirvə toplantısının açılış plenar sessiyasında, həmçinin Türk Dövlətləri Təşkilatı dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşündə Bəyannamənin imzalanması mərasimində iştirakı barədə materiallar toplanıb.
Çoxcildlikdə dövlət başçısının ölkəmizdə rəsmi səfərdə olan Gürcüstan və İran İslam Respublikası prezidentləri, Vyetnam Sosialist Respublikası Kommunist Partiyası Mərkəzi Komitəsinin Baş katibi ilə görüşlərinə, eləcə də Prezidentin Çin Xalq Respublikasına dövlət səfərinə dair materiallar da təqdim olunur. Burada Azərbaycan ilə Çin arasında Hərtərəfli Strateji Əlaqələrin qurulması haqqında Birgə Bəyanatın imzalanması mərasimi, həmçinin Prezident İlham Əliyevin Çinin CGTN telekanalına və Sinxua agentliyinə verdiyi müsahibələr yer alıb.
Nəşrdə, eyni zamanda, dövlət başçısının Qarabağ bölgəsinə səfəri zamanı “Xocalı” yarımstansiyasının və Rəqəmsal İdarəetmə Mərkəzinin, Ağdam rayonunun Kəngərli kəndinin bərpasının birinci mərhələsinin açılış mərasimlərində iştirakı ilə bağlı materiallar da oxucuların diqqətinə təqdim olunur.
Əliyev, İlham Heydər oğlu. İnkişaf - məqsədimizdir: çıxışlar, nitqlər, bəyanatlar, müsahibələr, məktublar, məruzələr, müraciətlər / İ. H. Əliyev; bur. məsul Ə. Ağalarov.
144-cü kitab: aprel 2025 - may 2025.- Bakı: Azərnəşr, 2025.- 392 s.