Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin fəaliyyətini sistemli şəkildə əks etdirən “İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin növbəti – 148-ci cildi nəşr olunaraq Prezident Kitabxanasının fonduna daxil edilib. Nəşr 2025-ci ilin sentyabr–noyabr aylarını əhatə edən dövrdə ölkə daxilində və beynəlxalq müstəvidə baş verən əsas siyasi hadisələri, dövlət başçısının səfər, çıxış və görüşlərini xronoloji ardıcıllıqla əhatə edir.
Cilddə Prezident İlham Əliyevin BMT Baş Assambleyasının 80-ci sessiyasında iştirak məqsədilə Amerika Birləşmiş Ştatlarına işgüzar səfəri, sessiya çərçivəsində keçirilmiş yüksəksəviyyəli müzakirələr və görüşləri, həmçinin Danimarkaya səfəri zamanı Kopenhagendə keçirilmiş Avropa Siyasi Birliyinin 7-ci Zirvə Toplantısında iştirakı yer alıb. Bununla yanaşı, dövlət başçısının beynəlxalq platformalarda fəaliyyəti, “Orta Dəhlizin inkişafı” birgə layihəsinin təqdimatı və tanınmış şirkət rəhbərləri ilə görüşləri də nəşrdə yer alıb.
Kitabda 2025-ci ilin oktyabr ayında Prezident İlham Əliyevin MDB Dövlət Başçıları Şurasının iclası ilə əlaqədar Tacikistana, Yaxın Şərq Sülh Sammiti çərçivəsində Misir Ərəb Respublikasına səfərləri, eləcə də Qazaxıstana dövlət səfəri geniş şəkildə işıqlandırılıb. Astanada “Orta Dəhlizin inkişafı” layihəsinin təqdimat mərasimində iştirakı, Azərbaycan–Qazaxıstan Ali Dövlətlərarası Şuranın ikinci iclasında çıxışı və səfər ərəfəsində “Kazinform” agentliyinə verdiyi eksklüziv müsahibə də bu cildə daxil edilib.
Nəşrdə dövlət başçısının ölkədaxili fəaliyyəti ayrıca təqdim olunur. Buraya İtaliya Respublikasının Prezidenti Sercio Mattarellanın Azərbaycana rəsmi səfəri çərçivəsində keçirilmiş görüş, Bakıda İtaliya–Azərbaycan Universitetinin ilk tədris korpuslarının açılışı, Yevlax və Gəncə şəhərlərinə səfərlər, Gəncədə III MDB Oyunlarının açılış mərasimi, eləcə də Qəbələdə Türk Dövlətləri Təşkilatının Dövlət Başçıları Şurasının 12-ci Zirvə Görüşündə çıxışı daxildir. Bununla yanaşı, Prezident İlham Əliyevin Cəbrayıl və Zəngilan rayonlarına səfərləri, Horovlu kəndində sakinlərə mənzillərin açarlarının təqdim olunması, Cəbrayıl şəhərində məscidin və yaşayış komplekslərinin təməlinin qoyulması, Zəngilanın Ağalı və Məmmədbəyli kəndlərində açılış mərasimləri, yeni yaşayış kompleksləri ilə tanışlıq və sakinlərlə görüşlər, həmçinin Azərbaycan Milli Elmlər Akademiyasının 80 illik yubileyinə həsr olunmuş tədbirdə çıxışı nəşrdə əks olunub.
“İnkişaf – məqsədimizdir” çoxcildliyinin 148-ci cildi Prezident İlham Əliyevin fəaliyyətinin ardıcıl və bütöv mənzərəsini təqdim etməklə, müasir Azərbaycanın siyasi proseslərini, beynəlxalq əlaqələrini və regional inkişaf dinamikasını izləmək istəyən oxucular üçün dolğun və etibarlı məlumat bazasıdır.
Əliyev, İlham Heydər oğlu. İnkişaf - məqsədimizdir: çıxışlar, nitqlər, bəyanatlar, müsahibələr, məktublar, məruzələr, müraciətlər / İ. H. Əliyev; bur. məsul Ə. Ağalarov.
148-ci kitab: sentyabr 2025 - noyabr 2025.- Bakı: Azərnəşr, 2026.- 392 s.