Azərbaycan Hava Yolları (AZAL) tərəfindən Prezident Kitabxanasına “Laçın Beynəlxalq Hava Limanı” adlı fotoalbom hədiyyə olunub. Nəşrdə hava limanının tikintisi, açılışı və bölgədə həyata keçirilən quruculuq işlərini əks etdirən fotoşəkillər toplanıb.
Laçın Beynəlxalq Hava Limanı Qorçu kəndi yaxınlığında, dəniz səviyyəsindən 1700 metr yüksəklikdə inşa edilib və postsovet məkanında ən yüksək dağlıq ərazilərdən birində yerləşən hava limanlarından biri hesab olunur. Bu mühüm infrastruktur layihəsi Qarabağ və Şərqi Zəngəzurun sosial-iqtisadi inkişafına və ölkənin beynəlxalq hava nəqliyyatı sisteminə inteqrasiyasına xidmət edir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev hava limanının tikintisini daim diqqət mərkəzində saxlayıb və görülən işlərlə bağlı mütəmadi olaraq məlumatlandırılıb. Dövlət başçısı bir neçə dəfə tikinti sahəsinə gedərək layihənin strateji əhəmiyyətini xüsusi qeyd edib.
28 may 2025-ci ildə Laçın Beynəlxalq Hava Limanının açılışı keçirilib. Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə baş tutan mərasimdə hava limanının rəmzi açılış lentinin kəsilməsi və müasir infrastrukturla tanışlıq həyata keçirilib.
Fotoalbom Prezident Kitabxanasının fonduna daxil edilərək Laçın Beynəlxalq Hava Limanının inşası və istifadəyə verilməsi prosesini sənədləşdirən faydalı istinad mənbəyi kimi oxucuların diqqətinə təqdim edilir.
Laçın Beynəlxalq Hava Limanı = Laçın International Airport.- Bakı, 2025.- 53 s.- Azərbaycan və ingilis dillərində.