Prezident Kitabxanasının fonduna Beynəlxalq Türk Akademiyası tərəfindən hədiyyə edilmiş 10 nüsxə kitab daxil olub. Azərbaycan, türk, rus və ingilis dillərində çap olunmuş bu kitablar türk dünyasının tarixi, dili və mədəni irsinin tədqiqinə həsr olunmuş mühüm elmi mənbələrdir. Bütün nəşrlər Beynəlxalq Türk Akademiyasının təşəbbüsü ilə Qazaxıstan Respublikasının paytaxtı Astana şəhərində nəşr edilib.
Beynəlxalq Türk Akademiyası Türk Dövlətləri Təşkilatının elmi qurumu kimi fəaliyyət göstərərək, türk xalqlarının ortaq irsinin araşdırılması, qorunması və təbliği istiqamətində mühüm layihələr həyata keçirir. Akademiyanın təşəbbüsü ilə hazırlanan nəşrlər türk sivilizasiyasının müxtəlif aspektlərini əhatə edir və beynəlxalq elmi mühitdə ciddi maraq doğurur.
Prezident Kitabxanasının fonduna aşağıdakı nəşrlər təqdim olunmuşdur:
• Глазурованная керамика средневековой Гянджи: коллекция национального музея истории Азербайджана = The glazed ceramics of medieval Ganja: in the collection of the national museum of history of Azerbaijan - Bu nəşrdə Azərbaycan Milli Tarix Muzeyinin kolleksiyası əsasında orta əsrlər Gəncə şəhərinə aid glazurlu keramika nümunələri kataloq şəklində təqdim olunur. Kitab arxeologiya, incəsənət tarixi və muzeyşünaslıq baxımından maraqlı tədqiqat obyektidir.
• Auezov, Muxtar. Abay: roman - Qazax klassik ədəbiyyatının görkəmli nümayəndəsi Muxtar Auezovun “Abay” romanı türkdilli xalqların mənəvi-mədəni dəyərlərini əks etdirən əhəmiyyətli bədii əsərdir.
• Bazylkhan, Napil. Türk bitig yazıtları katalogu. I cild, I bölüm: Moğolistan ve Çin’deki Bitigtaşlar ve Yazıtlar
• Bazylkhan, Napil. Türk bitig yazıtları katalogu. I cild, II bölüm: Moğolistan ve Çin’deki Bitigtaşlar ve Yazıtlar
• Bazylkhan, Napil. Türk bitig yazıtları katalogu. II cild: Merkezi Asya, Kafkasya, Doğu Avrupa ve Türkiye (Orta Doğu) - Coğrafi bölgələr üzrə təsnif edilmiş qədim türk yazı abidələrinin təqdim olunduğu bu kataloq, türkologiyanın epigrafik sahəsində aparılan sistemli və dərin tədqiqatların nümunəsidir. Əsər həm mütəxəssislər, həm də maraqlanan oxucular üçün zəngin və etibarlı mənbə rolunu oynayır.
Kitabların Prezident Kitabxanasının fonduna daxil edilməsi Türk dünyası ilə bağlı elmi tədqiqatların genişlənməsinə və bu sahədə mövcud olan məlumat resurslarının artırılmasına mühüm töhfə verir. Eyni zamanda, bu nəşrlər türk xalqları arasında mədəni inteqrasiyanın gücləndirilməsi və ortaq tarixi yaddaşın qorunması baxımından strateji əhəmiyyət daşıyır.