Prezident Kitabxanasının fondları Ulu Öndər Heydər Əliyevin irsini əks etdirən mühüm nəşrlərlə daha da zənginləşib. “Heydər Əliyev. Müstəqilliyimiz əbədidir” çoxcildliyinin yenidən nəşr olunmuş yeddinci cildi kitabxanaya daxil edilmişdir. Bu cild 1995-ci il martın 12-dən iyunun 15-dək olan dövrü əhatə edir və həmin zaman aralığında Ulu Öndərin həyata keçirdiyi genişmiqyaslı siyasi fəaliyyətin mühüm istiqamətlərini əks etdirir.
Nəşrə daxil edilmiş materiallar – Ulu Öndərin çıxışları, nitqləri, bəyanatları, müraciətləri, müsahibələri və məktubları – Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsi, hüquqi və demokratik prinsiplərə əsaslanan idarəetmənin qurulması istiqamətində görülən sistemli işləri ətraflı şəkildə sənədləşdirir.
Kitabda həmin dövrdə ölkənin sosial-iqtisadi inkişaf prioritetləri, bazar iqtisadiyyatına keçid zamanı yaranan çətinliklərin aradan qaldırılması yolları, aqrar sektorun dirçəldilməsi məqsədilə keçirilən müşavirələrdə səsləndirilən fikirlər geniş şəkildə təqdim olunur. Eyni zamanda, Ermənistanın davam edən hərbi təcavüzünün doğurduğu fəsadlarla mübarizə, məcburi köçkünlərin vəziyyətinin yaxşılaşdırılması, dövlətin xarici siyasət kursunun əsas istiqamətləri və beynəlxalq əlaqələrin genişləndirilməsi məsələlərinə dair əhatəli məlumatlar yer alır.
Çoxcildliyin bu hissəsi yalnız siyasi çıxış və sənədlərin toplusu deyil, eyni zamanda Azərbaycanın müstəqillik yolunda qarşılaşdığı çağırışların və bu çətinliklərin Heydər Əliyev tərəfindən necə strateji şəkildə həll edildiyinin tarixi salnaməsidir. Kitab geniş oxucu auditoriyası ilə yanaşı, hüquqşünaslar, tarixçilər, politoloqlar və ümumilikdə müasir Azərbaycan dövlətçiliyinin əsaslarını dərindən öyrənmək istəyən tədqiqatçılar üçün mühüm mənbə rolunu oynayır.
Əliyev, Heydər Əlirza oğlu. Müstəqilliyimiz əbədidir: çıxışlar, nitqlər, bəyanatlar, müsahibələr, məktublar, məruzələr, müraciətlər, fərmanlar / H. Ə. Əliyev; bur. məsul Ə. Ağalarov.
7-ci kitab: mart, 1995 – iyun, 1995.- Bakı: Azərnəşr, 2025.- 400 s.