2025-ci il sentyabrın 26-da Prezident Kitabxanasının Konfrans zalında 27 Sentyabr – Anım Gününə həsr olunmuş tədbir keçirilib. Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayan tədbirdə İkinci Qarabağ müharibəsində canını fəda etmiş şəhidlərə ehtiram göstərilib.
Tədbirdə Prezident Kitabxanasının direktoru, professor Afət xanım Abbasova çıxış edərək “27 Sentyabr – Anım Günü”nün Azərbaycan xalqının milli yaddaşında dərin iz buraxan və əbədi yaşadılacaq bir tarix olduğunu vurğulayıb.
O qeyd edib ki, Anım Günü 2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək davam edən və şanlı Qələbə ilə nəticələnən 44 günlük Vətən müharibəsində şəhid olmuş qəhrəmanların əziz xatirəsini yad etmək məqsədilə Prezident İlham Əliyevin 2 dekabr 2020-ci il tarixli sərəncamı ilə təsis edilib.
Afət xanım Abbasova çıxışında həmçinin bildirib ki, bu Zəfər Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin qətiyyətli siyasi iradəsi, müdrik sərkərdəlik bacarığı və uzaqgörənliyi nəticəsində mümkün olub. Onun rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusu torpaqlarımızı işğaldan azad edərək ölkəmizin ərazi bütövlüyünü bərpa etmiş, xalqımızın qəhrəmanlıq salnaməsini yazmışdır.
Tədbirdə çıxış edən Prezident, dövlət idarəçiliyi və ölkəşünaslığa dair informasiya resursları bölməsinin müdiri Kəmalə Qasımova, Kitabxana işinin avtomatlaşdırılması, rəqəmsallaşdırma və elektron resurslar bölməsinin müdiri Zakir İsmayılov, Prezident Kitabxanasının direktorunun müşaviri Nazim Mustafa, Kitabxana fondu bölməsinin məsləhətçi-biblioqrafı Rəxşan Quliyeva 44 günlük Vətən müharibəsinin milli tariximizdəki mühüm rolundan bəhs edərək şəhidlərin ruhuna ehtiramlarını bildiriblər.
Tədbirin sonunda 27 Sentyabr – Anım Gününə həsr olunmuş videoçarx nümayiş etdirilib.