Prezident Kitabxanasının direktoru, professor Afət Abbasova 14 aprel 2026-cı il tarixində Bakı şəhərində keçirilən Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) “AQEM məkanında davamlı inkişaf naminə qadınların səslərinin gücləndirilməsi” mövzusunda beynəlxalq konfransında iştirak edib.
Tədbir çərçivəsində “Qadın sahibkarlığının inkişafı və qanunvericiliyin təkmilləşdirilməsi” mövzusunda yan tədbir, həmçinin “Kiçik və orta biznesdə qadın sahibkarlığı: süni intellekt və rəqəmsallaşmanın imkanlarından istifadə” və “Ətraf mühitin qorunması və dayanıqlılığın qurulmasında qadın liderliyi” mövzularında panel müzakirələr keçirilib. Professor Afət Abbasova qadınların iqtisadi fəallığı, innovativ yanaşmaların tətbiqi və dayanıqlı inkişaf proseslərində rolunun gücləndirilməsinə həsr olunmuş həmin müzakirələrdə iştirak edib.
Azərbaycan Respublikasının AQEM-ə sədrliyi çərçivəsində təşkil olunan konfrans qadınların davamlı inkişaf proseslərində iştirakının genişləndirilməsi və onların iqtisadi-sosial həyatda rolunun gücləndirilməsi baxımından əhəmiyyətli platforma kimi çıxış edir. Tədbir eyni zamanda üzv dövlətlər arasında əməkdaşlığın dərinləşdirilməsi və təcrübə mübadiləsinin genişləndirilməsi üçün imkan yaradıb.
Konfransda AQEM-ə üzv ölkələrin yüksək səviyyəli nümayəndələri və akademik dairələrin təmsilçiləri qadınların davamlı inkişaf məqsədlərinə töhfəsi, rəqəmsallaşma şəraitində iştirak imkanlarının artırılması, innovativ və dayanıqlı sahibkarlığın təşviqi, eləcə də ətraf mühitin qorunması və iqlim dəyişiklikləri ilə mübarizədə onların rolunu müzakirə ediblər.
Bununla yanaşı, tədbir çərçivəsində qabaqcıl təcrübələrin paylaşılması və qadınların imkanlarının genişləndirilməsinə yönəlmiş milli və regional təşəbbüslər diqqət mərkəzində olub. Konfransın davamı olaraq AQEM Qadınlar Şurasının ilk iclası keçirilib, burada üzv dövlətlər arasında koordinasiya və dialoqun inkişafı, gələcək fəaliyyət istiqamətləri və birgə təşəbbüslərlə bağlı fikir mübadiləsi aparılıb, müvafiq tövsiyələrin hazırlanması nəzərdə tutulub.
Ümumilikdə, beynəlxalq konfrans davamlı inkişaf gündəliyində qadınların rolunun gücləndirilməsinə, onların iqtisadi və ictimai proseslərdə iştirakının genişləndirilməsinə, eləcə də bu sahədə beynəlxalq əməkdaşlığın möhkəmləndirilməsinə xidmət edib.