Xəbərlər

Prezident Kitabxanasında memarlıq və landşaft sənətinə dair yeni kolleksiya istifadəyə verilib

Prezident Kitabxanasında memarlıq və landşaft sənətinə dair yeni kolleksiya istifadəyə verilib

Prezident Kitabxanasında memarlıq və landşaft sənətinə dair yeni kolleksiya istifadəyə verilib

Prezident Kitabxanasının “Kolleksiyalar” bölməsinin “İncəsənət ədəbiyyatı” alt bölməsində memarlıq və landşaft sənətinin müxtəlif istiqamətlərini əhatə edən rusdilli nəşrlərin annotasiyaları istifadəçilərə təqdim edilib. Bu nəşrlər elmi və bədii məzmunu ilə seçilərək sahə üzrə biliklərin sistemli şəkildə çatdırılmasına imkan yaradır.

Kolleksiyada memarlıq tarixinin fundamental problemlərinə həsr olunmuş tədqiqatlar, İslam memarlığının zəngin irsini əks etdirən nəşrlər, eləcə də landşaft sənətinin inkişaf mərhələlərini əhatə edən kitablar yer alıb. Bu nəşrlər müxtəlif sivilizasiyaların qədim dövrlərdən müasir mərhələyə qədər formalaşmış memarlıq ənənələrini, üslub xüsusiyyətlərini və texnoloji yeniliklərini ardıcıl və müqayisəli şəkildə təqdim edir.

Eyni zamanda, dünya memarlığının tanınmış nümunələrini və onların yaranma xüsusiyyətlərini işıqlandıran nəşrlər də kolleksiyada geniş yer tutur. Bu kitablarda memarlıq abidələrinin tarixi, bədii-estetik dəyəri və konstruktiv xüsusiyyətləri aydın şəkildə izah olunur. Bununla yanaşı, landşaft dizaynına dair nəşrlər açıq məkanların təşkili, dekorativ bağların qurulması və estetik prinsiplərin tətbiqi ilə bağlı praktik yanaşmaları əhatə edir.

Ümumilikdə, kolleksiya memarlığı yalnız tikinti fəaliyyəti kimi deyil, tarix, mədəniyyət və incəsənətin qarşılıqlı əlaqəsi kontekstində təqdim edərək mövzu üzrə dolğun və hərtərəfli təsəvvür formalaşdırır.

Yeni kolleksiya geniş oxucu auditoriyası üçün etibarlı elmi-informativ baza olmaqla yanaşı, həm nəzəri biliklərin zənginləşdirilməsi, həm də praktik bilik və bacarıqların inkişafı baxımından mühüm əhəmiyyət kəsb edir.