Xəbərlər

Prezident Kitabxanasında “Sufi fenomenologiya” kitabının müzakirəsinə həsr olunmuş dəyirmi masa keçirilib

Prezident Kitabxanasında “Sufi fenomenologiya” kitabının müzakirəsinə həsr olunmuş dəyirmi masa keçirilib

Prezident Kitabxanasında “Sufi fenomenologiya” kitabının müzakirəsinə həsr olunmuş dəyirmi masa keçirilib

29 aprel 2026-cı il tarixində Prezident Kitabxanasında tanınmış filosof alim, AMEA-nın müxbir üzvü, Fəlsəfə və Sosiologiya İnstitutunun İslam fəlsəfəsi və dinşünaslıq şöbəsinin müdiri Könül Bünyadzadənin “Sufi fenomenologiya” adlı kitabının müzakirəsinə həsr olunmuş dəyirmi masa keçirilib.

Tədbiri giriş sözü ilə açan Prezident Kitabxanasının direktoru, professor Afət Abbasova müəllifin elmi yaradıcılığından bəhs edərək, “Sufi fenomenologiya” kitabının fəlsəfi fikrimizdə yeni bir səhifə açdığını qeyd etmişdir. Bildirilmişdir ki, əsərdə Şərqin zəngin sufi ənənələri ilə Qərb fenomenoloji məktəbinin metodoloji prinsipləri yüksək elmi səviyyədə təhlil olunur.

Məruzə ilə çıxış edən müəllif Könül Bünyadzadə qeyd edib ki, kitabın yazılmasında əsas məqsəd Şərqin minillik sufi təfəkkürü ilə Qərbin müasir fenomenoloji metodlarını vahid müstəvidə birləşdirməkdir.

Dəyirmi masada iştirak edən AMEA-nın vitse-prezidenti, akademik İradə Hüseynova, akademik Nərgiz Axundova, Fəlsəfə və Sosiologiya İnstitutunun direktoru, professor İlham Məmmədzadə, Fəlsəfə və Sosiologiya İnstitutunun direktor müavini, dosent Eynulla Mədətli, Milli Məclisin deputatı Fazil Mustafa və digər qonaqlar mövzu ətrafında fikir mübadiləsi aparmış, kitabın İslam fəlsəfəsinin müasir metodlarla öyrənilməsi baxımından əvəzsiz mənbə olduğunu qeyd ediblər.

Müzakirələr zamanı rəyçilər – BDU-nun dosenti Qəmər Mürşüdlü, AMEA Əlyazmalar İnstitutunun dosenti Şəhla Məcidova və AMEA-nın Tarix və Etnologiya İnstitutunun şöbə müdiri, tarix üzrə fəlsəfə doktoru Cəbi Bəhramov çıxış edərək, əsərin həm nəzəri, həm də praktiki əhəmiyyətini vurğulayıblar.

Tədbirdə vurğulanıb ki, əsər dünyanın nüfuzlu “Springer” nəşriyyatı tərəfindən ingilis dilində də işıq üzü görüb. Müəllif kitabın həmin nəşrindən bir nüsxəni Prezident Kitabxanasının fonduna hədiyyə edib.

Həmçinin dosentlər Samirə Dadaşova, Fidan Nəsirova, Əməkdar jurnalist Tahir Talıblı və digər elm xadimləri əsərin humanitar elmlər spektrindəki mühüm rolunu yüksək qiymətləndiriblər.

Yekun sözlə çıxış edən professor Afət Abbasova bu cür elmi-analitik müzakirələrin Prezident Kitabxanasının fəaliyyətində ənənəvi xarakter daşıdığını və “Sufi fenomenologiya” kitabının geniş tədqiqatçı auditoriyası üçün mühüm resurs olacağını vurğulayıb.

Kitab haqqında
Sufi Phenomenology

Sufi Phenomenology

Bunyadzade, Konul. Sufi Phenomenology / K. Bunyadzade.- Cham: Springer, 2026.- 244 p.- İngilis dilində.