Prezident Kitabxanasının Kitabxana fondu bölməsinin İncəsənət ədəbiyyatı və Nadir ədəbiyyat fondlarında qorunan qədim və dəyərli nəşrlər Azərbaycan tarixinin, mədəniyyətinin və kitabxana irsinin öyrənilməsi baxımından xüsusi əhəmiyyətə malikdir. Bu nəşrlər, tədqiqatçılar üçün etibarlı mənbə olmaqla yanaşı, həm də milli yaddaşın mühüm daşıyıcılarıdır. Lakin zamanın təsiri və fiziki zədələnmələr səbəbindən bəzi nadir kitabların vəziyyəti onların qorunması və istifadəsini çətinləşdirmiş, bu da bərpa işlərinin həyata keçirilməsini zəruri etmişdir.
Bu zərurəti nəzərə alaraq Prezident Kitabxanasının rəhbərliyinin tapşırığı ilə kitabxananın əməkdaşları – Kosayeva Anastasiya, Məcidova Afiyət və Mirzəyev Yaşar – 15 yanvar – 15 may 2025-ci il tarixləri arasında Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin İctimai-Siyasi Sənədlər Arxivinin Bərpa bölməsində nəzəri və praktiki əsaslı təlim proqramına cəlb olunublar. Dörd ay davam edən bu ezamiyyət çərçivəsində əməkdaşlar qədim kitabların konservasiya və bərpa texnologiyaları üzrə müasir yanaşmalarla tanış olmuş, praktiki bilik və bacarıqlar əldə etmişlər.
Təlim prosesi ilə paralel olaraq Prezident Kitabxanasının Nadir ədəbiyyat fondundan seçilmiş 20 ədəd qədim və qiymətli nəşr İctimai-Siyasi Sənədlər Arxivinin Bərpa bölməsinə təqdim olunmuş və burada yüksək peşəkarlıqla bərpa olunmuşdur. Həmin kitabların bərpası yalnız fiziki görünüşün bərpası ilə məhdudlaşmamış, həm də onların gələcəkdə təhlükəsiz və uzunmüddətli saxlanmasını təmin etmişdir.
Bərpa olunmuş bu nəşrlər artıq Prezident Kitabxanasının müvafiq fondlarında istifadəçilərin ixtiyarına verilib.