Prezident Kitabxanasının Nadir kitablar fondunun virtual kolleksiyası müxtəlif dövrləri, dil ənənələrini və dünya ədəbiyyatı ilə elmin müxtəlif istiqamətlərini təmsil edən beş unikal nəşrlə zənginləşdirilib. Yeni toplu XIX əsr Avropasının elmi və bədii əsərlərini bir araya gətirərək həmin dövrün intellektual və mədəni axtarışlarını əks etdirir. Kolleksiyaya ədəbiyyatşünaslıq, poeziya, coğrafiya, regional tarix və musiqişünaslıq sahələrinə aid əsərlər daxildir ki, bu da XIX əsr Avropasında elmi və bədii maraqların genişliyini nümayiş etdirir.
Virtual kolleksiyaya Robert Köniqin 1889-cu ildə alman dilində nəşr olunmuş “Deutsche Literaturgeschichte” (“Alman ədəbiyyatı tarixi”) adlı fundamental əsəri daxil edilib. Bu əsərdə müəllif alman ədəbiyyatının başlanğıcından Yeni dövrədək inkişafını ardıcıl şəkildə izləyir. Kolleksiyada layiqli yer tutan nəşrlərdən biri də XIX–XX əsrlərin qovşağında Böyük Britaniyada ingilis dilində çap edilmiş Uilyam Vordsvortun “Poems” (“Şeirlər”) toplusudur. Bu nəşr böyük romantik şairin seçilmiş əsərlərini təqdim edir; onun poeziyası ingilis və Avropa ədəbiyyatının inkişafına mühüm təsir göstərmişdir.
Kolleksiyanın bədii-sənədli istiqamətini Vilhelm Ziqfrid Ştavenhagen tərəfindən hazırlanmış və 1856-cı ildə alman dilində nəşr edilmiş “Album livländischer Ansichten” (“Livoniya mənzərələri albomu”) davam etdirir. Bu nəşrdə Baltik regionunun memarlıq abidələrini və təbii mənzərələrini əks etdirən zərif qravürlər silsiləsi yer alır. Elmi axtarışlar və coğrafi kəşflər mövzusunu isə Rixard Andrenin 1883-cü ildə alman dilində nəşr edilmiş “Kampf um den Nordpol” (“Şimal qütbü uğrunda mübarizə”) əsəri açır. Əsər 1868–1882-ci illərin Arktika ekspedisiyalarına həsr olunmuşdur və burada tədqiqatçıların cəsarəti, sərt təbii şərait və qütb səfərlərinin dramatizmi ətraflı təsvir edilir.
Kolleksiyanı XIX əsrin sonlarına aid Paris nəşri — fransız dilində çap olunmuş Anri Lavuainin “Histoire de la musique” (“Musiqi tarixi”) əsəri tamamlayır. Bu kitabda müəllif antik dövrdən romantizmə qədər musiqi sənətinin çoxəsrlik təkamülünü sistemli və maraqlı şəkildə təqdim edir, görkəmli bəstəkarların yaradıcılığına, musiqi formalarının və janrlarının inkişafına xüsusi diqqət yetirir.
Nadir nəşrlər kolleksiyasının virtual şəkildə zənginləşdirilməsi Prezident Kitabxanasının dünya kitab irsinin qorunması və təbliğində mühüm rol oynadığını əyani şəkildə nümayiş etdirir. Onun fəaliyyəti sayəsində nadir və dəyərli əsərlər rəqəmsal formatda geniş auditoriya üçün əlçatan olur və bu da elmi tədqiqatların, təhsilin, eləcə də müxtəlif dövrlərin mədəni tarixinə marağın inkişafına töhfə verir.