Filologiya üzrə fəlsəfə doktoru, yazıçı-publisist, Qərbi Azərbaycan mətbuat tarixinin tədqiqatçısı Şəfəq Nasir Prezident Kitabxanasının qonağı olmuşdur. O, müəllifi olduğu, həmçinin əski əlifbadan transliterasiya edərək nəşrə hazırladığı kitabları Prezident Kitabxanasına hədiyyə etmişdir. Bu nəşrlər Prezident Kitabxanasının fondunun milli mətbuat tarixi, Qərbi Azərbaycanın ədəbi-mədəni mühiti və maarifçilik ənənələrinin öyrənilməsi baxımından dəyərli mənbələrlə zənginləşməsinə mühüm töhfə vermişdir.
Şəfəq Nasir XX əsr İrəvan mətbuat tarixini araşdıran alimlərdəndir. O, İrəvanda nəşr olunan ilk anadilli satirik mətbuat nümunələrindən biri olan “Lək-lək” (1914) jurnalını və dövrün ictimai-siyasi, ədəbi proseslərini işıqlandıran “Bürhani-həqiqət” (1917) məcmuəsini əski əlifbadan transliterasiya etmiş, onların kitab şəklində nəşrinə nail olmuşdur. Bundan əlavə, alim İrəvanın maarifçi ziyalılarının həyat və fəaliyyətinin araşdırılması istiqamətində mühüm elmi tədqiqatlar aparmışdır.
XX əsrin əvvəllərində İrəvanda fəaliyyət göstərmiş “Molla Nəsrəddin”çi jurnalist Məmmədəli Nasirin həyat və yaradıcılığı da tədqiqatçının araşdırmalarında mühüm yer tutur. Onun müxtəlif mətbuat orqanlarında dərc olunmuş məqalələrini toplayan Şəfəq Nasir “İrəvanın müqtədir ziyalıları” silsiləsindən “Məmmədəli Nasir” kitabını nəşr etdirmişdir. O, həmçinin ədibin həyat və fəaliyyəti, bədii yaradıcılığı və publisistik irsinə həsr olunmuş “Məmmədəli Nasir” monoqrafiyasının müəllifidir.
Prezident təqaüdçüsü olan Şəfəq Nasir “Həsən bəy Zərdabi” mükafatının və “Beynəlxalq Rəsul Rza Mükafatı”nın laureatıdır.
Görüş zamanı Prezident Kitabxanasının direktoru, professor Afət Abbasova kitabxana fondunun zənginləşdirilməsinə verdiyi töhfəyə görə Şəfəq Nasirə təşəkkürünü bildirmiş, ona gələcək fəaliyyətində uğurlar arzulamışdır.