“Nadir kitablar” virtual kolleksiyasına dünya ədəbiyyatı, incəsənət və mədəni fikir tarixinin müxtəlif istiqamətlərini əks etdirən beş dəyərli nəşr daxil edilib. Azərbaycan, ingilis, alman və fransız ədəbi-mədəni irsini təmsil edən bu kitablar istifadəçilərə XIX–XX əsrlərdə müxtəlif dillərdə çap olunmuş əsərlərlə yaxından tanış olmaq imkanı verir.
Kolleksiyada yer alan ilk nəşr XVII əsr ingilis yazıçısı, diplomatı və dövlət xadimi Uilyam Templin (William Temple) XX əsrin əvvəllərində Londonda ingilis dilində işıq üzü görmüş “Essays” (“Oçerklər”) kitabıdır. Əsərdə müəllifin ədəbiyyat, tarix, mədəniyyət, siyasət və ictimai həyata dair düşüncələri öz əksini tapır.
Kolleksiyaya daxil edilən digər maraqlı nəşr alman yazıçısı və şairi Frits Royterin (Fritz Reuter) 1880-ci ildə Vismarda alman dilində çap olunmuş “Hanne Nüte un de lütte Pudel” (“Hanne Nüte və balaca pudel”) əsəridir. Kitab Şimali Almaniyanın kənd həyatından, insanların məişətindən, adət-ənənələrindən və qarşılıqlı münasibətlərindən bəhs edir.
Fransız ədəbiyyatını təmsil edən Janna de Kulombun (Jeanne de Coulomb) XIX əsrin sonu – XX əsrin əvvəllərində Parisdə fransız dilində nəşr olunmuş “Le Prince Serge” (“Şahzadə Serj”) əsərində isə qəhrəmanın həyat yolu və mənəvi yetkinləşməsi fonunda ailə, dostluq, xeyirxahlıq, mərhəmət və məsuliyyət kimi dəyərlər ön plana çəkilir.
Kolleksiyanın incəsənət mövzusunda olan nəşrlərindən biri də alman yazıçısı və sənətşünası Frans Herman Maysnerin (Franz Hermann Meissner) 1901-ci ildə Berlin və Leypsiqdə alman dilində çap edilmiş “Das Künstlerbuch. Arnold Böcklin” (“Rəssamlar haqqında kitab. Arnold Böcklin”) əsəridir. Kitab görkəmli İsveçrə rəssamı Arnold Böklinin həyat və yaradıcılığına, sənət dünyasına və bədii irsinə həsr olunub.
Təqdim olunan nəşrlər sırasında Azərbaycan klassik ədəbiyyatının görkəmli nümunəsi – dahi şair və mütəfəkkir Nizami Gəncəvinin 1947-ci ildə Bakıda rus dilində nəşr olunmuş “Yeddi gözəl” poeması da xüsusi yer tutur. Əsərdə Bəhram Gur və yeddi gözəlin hekayələri vasitəsilə məhəbbət, ədalət, müdriklik və mənəvi kamillik kimi ümumbəşəri ideyalar bədii-fəlsəfi ifadəsini tapır.
Bu beş dəyərli nəşrin “Nadir kitablar” virtual kolleksiyasında təqdim olunması istifadəçilərə Prezident Kitabxanasının fondunda qorunan müxtəlif dövrlərə aid nadir kitablar, onların məzmunu və tarixi-mədəni əhəmiyyəti haqqında daha ətraflı məlumat əldə etmək imkanı verir.