Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranlar Təşkilatının sədri Cəlil Xəlilov tərəfindən Prezident Kitabxanasına yeni kitablar hədiyyə olunub. Təqdim edilən nəşrlər ictimai-siyasi və hüquqi məzmunu ilə seçilən elmi-publisistik əsərlərdən ibarətdir.
Kitab hədiyyəsi çərçivəsində Prezident Kitabxanasına ümumilikdə 4 adda 14 nüsxə nəşr təqdim edilib. Bu nəşrlər sırasında “Milli təhlükəsizlik nəzəriyyəsi”, “Milli təhlükəsizlik strategiyası”, “İlham Əliyev: Müharibənin qalibi, sülhün müəllifi” və “Xalqa mənsub olan həyat” adlı kitablar yer alır.
Bu nəşrlər müasir dövlətçilik konsepsiyası, milli təhlükəsizlik siyasəti, hüquqi düşüncə və siyasi liderlik məsələlərinin elmi-nəzəri aspektlərini əhatə etməklə, müvafiq sahələr üzrə tədqiqat aparan oxucular üçün mühüm mənbə xarakteri daşıyır. Kitablar həm elmi ictimaiyyət, həm də mövzuya maraq göstərən geniş oxucu auditoriyası üçün nəzərdə tutulmuşdur.
Hədiyyə edilmiş nəşrlər Prezident Kitabxanasının fondunun zənginləşdirilməsinə xidmət etməklə yanaşı, elmi biliklərin sistemli şəkildə toplanması, qorunması və istifadəsinin daha da genişləndirilməsinə töhfə verir.