Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi Prezident Kitabxanasına Azərbaycan və ingilis dillərində nəşr olunmuş yeddi adda, ümumilikdə on altı nüsxə kitab hədiyyə edib.
Gənclərin problemlərinin ölkə rəhbərliyinin diqqət mərkəzində olması və bu sahənin milli siyasətin prioritet istiqamətlərindən birinə çevrilməsi, bu istiqamətdə ardıcıl və məqsədyönlü tədbirlərin həyata keçirilməsini zəruri edir. Gənclərlə bağlı qəbul edilən qərarların daha əsaslı və obyektiv statistik təhlilə söykənməsi üçün Dövlət Statistika Komitəsi tərəfindən hazırlanmış “Azərbaycan gəncləri – 2025” adlı statistik məcmuə ölkədəki gənclərin demoqrafik durumu, təhsili, məşğulluğu, sağlamlığı, asudə vaxtlarının təşkili və hüquqi vəziyyətləri ilə bağlı aktual məlumatları əhatə etməklə, həm aidiyyəti qurumları, həm də ictimaiyyəti dolğun statistik məlumatlarla təmin edir.
“Azərbaycanda hüquqpozmalar – 2025” statistik məcmuəsi ölkədə hüquqpozmalara dair statistikasının ümumiləşdirilmiş məlumatlarını özündə əks etdirir.
“Azərbaycanda səhiyyə, sosial müdafiə və mənzil şəraiti – 2025” adlı nəşrdə Azərbaycan Respublikasında səhiyyə, sosial müdafiə və mənzil şəraitinin vəziyyətini əks etdirən əsas göstəricilər, həmçinin əhali arasında ölümün əsas səbəbləri haqqında məlumatlar verilmişdir.
“Azərbaycanda telekommunikasiya və poçt – 2025” statistik məcmuəsində isə informasiya, rabitə və poçt xidmətlərinə dair əsas göstəricilər üzrə statistik məlumatlar təqdim edilir.
“Azərbaycanda təhsil, elm və mədəniyyət – 2025” adlı nəşrdə təhsilin, elmin, mədəniyyətin vəziyyətini və inkişaf səviyyəsini əks etdirən əsas göstəricilər üzrə statistik məlumatlar toplanmışdır.
“Azərbaycanda uşaqlar – 2025” statistik məcmuəsi demoqrafik göstəricilər, təhsil və mədəniyyət, müalicəvi-profilaktik xidmətlər, sosial müdafiə, xəstəliklər və ölüm halları, cinayətkarlıq, iqtisadi rayonlar və inzibati ərazi vahidləri üzrə məlumat bölmələrindən ibarət olmaqla əsasən 1990-2024-cü illərin statistik məlumatlarını əhatə edir.
Demoqrafik prosesləri xarakterizə edən və inzibati ərazi bölgüsü, əhalinin sayı və tərkibi, əhalinin təkrar istehsalının ümumi göstəriciləri, doğum, ölüm, səbəblər üzrə ölüm, nikah və boşanmalar, miqrasiya və beynəlxalq müqayisələr ilə bağlı məlumatlar isə “Azərbaycanın demoqrafik göstəriciləri – 2025” adlı nəşrdə öz əksini tapmışdır.
Bu nəşrlər geniş oxucu kütləsi, statistiklər, iqtisadçılar, idarəetmə orqanları və elmi müəssisələrin əməkdaşları üçün faydalı informasiya mənbəyidir.