2026-cı il fevralın 26-da Prezident Kitabxanasının Oxu zalında Xocalı soyqırımının 34-cü ildönümünə həsr olunmuş “Xocalı – 34: Milli yaddaşın sarsılmazlıq simvolu” anım tədbiri keçirilib.
Tədbir Xocalı soyqırımı qurbanlarının, habelə Azərbaycanın müstəqilliyi və suverenliyi uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Tədbiri giriş sözü ilə açan Prezident Kitabxanasının direktoru, professor Afət Abbasova Xocalı soyqırımının bəşəriyyətə qarşı törədilmiş ən ağır cinayətlərdən biri olduğunu vurğulayaraq, bu faciənin xalqımızın milli yaddaşında silinməz izlər qoyduğunu qeyd edib.
Daha sonra çıxış edən tarix üzrə fəlsəfə doktoru Nazim Mustafa Xocalının tarixi keçmişi haqqında məlumat verib, xalqımızın xüsusilə 1905-ci, 1918-1920-ci, 1948-1953-cü və 1988-1993-cü illərdə erməni millətçiləri tərəfindən məruz qaldığı qanlı qırğınlar, soyqırımı və deportasiya siyasətinin acı nəticələrindən bəhs edib.
Tədbir çərçivəsində iştirakçılara kitabxanada təşkil olunmuş “Xocalı soyqırımı” adlı geniş kitab sərgisi təqdim olunub. Sərgidə faciənin tarixi köklərini, beynəlxalq müstəvidə tanınması istiqamətində görülən işləri və şahid ifadələrini əks etdirən nəşrlər nümayiş etdirilib.
Daha sonra faciənin ağrısını və xalqımızın sarsılmaz iradəsini tərənnüm edən müxtəlif kompozisiyalar nümayiş olunub. Əvvəlcə Prezident Kitabxanası tərəfindən hazırlanmış, Xocalı soyqırımının dəhşətlərini diqqətə çatdıran videoçarx təqdim olunub.
Ardınca Azərbaycan Milli Konservatoriyasının nəzdində İncəsənət Gimnaziyasının xoreoqrafiya şöbəsinin şagirdləri tərəfindən, bədii rəhbər Günel Eynullayevanın hazırladığı və müəllifi Vüsal Aydəmirov olan “İthaf” xoreoqrafik kompozisiyası ilə şəhidlərin xatirəsi ehtiramla yad edilib. 138 saylı tam orta məktəbin şagirdlərinin bədii rəhbər Sevda Nağıyevanın rəhbərliyi ilə ifa etdikləri “Ana harayı” və “Xocalı – yaddaşın səsi” adlı ədəbi-bədii kompozisiyalar, həmçinin 3 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin üzvü Nilufər Əlisoyun bədii rəhbər Rəna Kərimovanın hazırladığı “Xocalı müsibəti” şeiri dinləyicilərə duyğulu anlar yaşadıb.
Anım tədbiri 3 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin üzvlərinin təqdimatında davam edib. Mərkəzin yetirmələri tərəfindən xoreoqraf Samirə Musaimin quruluş verdiyi “Şəhidləri anırıq” rəqs kompozisiyası, eləcə də bədii rəhbər Gülnarə Qurbanovanın rəhbərliyi ilə vokal qrupunun ifa etdiyi “Od ürəkli Azərbaycan” və “Zəfər” mahnıları ilə soyqırım qurbanlarının xatirəsinə bəslənən dərin ehtiram ifadə olunub. Tədbir 3 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin üzvü Yusif Allahverdiyevin səsləndirdiyi “Gözün aydın, Azərbaycan” şeiri ilə tamamlanıb.
Tədbirin sonunda professor Afət Abbasova çıxış edərək, bu gün Xocalı şəhidlərinin ruhunun şad olduğunu, işğaldan azad edilmiş torpaqlarımızda, o cümlədən Xocalıda artıq Azərbaycan bayrağının dalğalandığını və böyük qayıdışın başladığını bildirib.
Daha sonra işğaldan azad edilmiş yurd yerlərimizə, “Xocalıya qayıdış”ı əks etdirən videoçarx təqdim olunub.
Tədbir iştirakçıları nümayiş olunan sərgi və kompozisiyalar vasitəsilə bir daha tariximizin bu qanlı səhifəsini ehtiramla yad ediblər.