Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının "Qarabağ İrsini Araşdırma Mərkəzi"nin rəhbəri, professor Elçin Əhmədov Prezident Kitabxanasına 12 adda elmi əsər hədiyyə edib.
Təqdim olunan nəşrlər Azərbaycanın tarixi və mədəni irsinin, eləcə də beynəlxalq münasibətlər və xarici siyasət sahəsinin mühüm istiqamətlərini əhatə edir. Kitablarda Ümummilli lider Heydər Əliyevin dövlət quruculuğu fəaliyyəti və Azərbaycanın milli maraqlarına əsaslanan siyasət strategiyasına həsr olunmuş fundamental tədqiqatlar, Şuşanın tarixi və strateji əhəmiyyəti, Ermənistan–Azərbaycan münaqişəsi və regional təhlükəsizlik məsələləri, beynəlxalq lobbiçilik fəaliyyəti və Azərbaycanın milli maraqlara əsaslanan xarici siyasət konsepsiyası elmi yanaşma əsasında təqdim olunur.
Prezident Kitabxanasına hədiyyə olunan bu elmi nəşrlər fondun məzmun baxımından daha da zənginləşməsinə, milli yaddaşın qorunmasına və elmi tədqiqatların mənbə bazasının genişləndirilməsinə mühüm töhfə verir. Kitablar tarixçilər, politoloqlar, beynəlxalq münasibətlər üzrə mütəxəssislər, eləcə də geniş oxucu auditoriyası üçün etibarlı elmi istinad mənbəyi kimi xüsusi əhəmiyyət daşıyır.
Prezident Kitabxanası professor Elçin Əhmədova göstərdiyi diqqətə və töhfə etdiyi dəyərli nəşrlərə görə dərin minnətdarlığını bildirir. Hədiyyə olunan nəşrlər Kitabxananın fondunu zənginləşdirməklə yanaşı, Azərbaycanın tarixi-mədəni irsinin, xarici siyasətinin və regional təhlükəsizlik məsələlərinin öyrənilməsi baxımından əhəmiyyətli elmi mənbə kimi xidmət edəcək.