Bir mətbu orqanı kimi, son iki əsrdə xalqımızın başına gətirilən faciələri, torpaq itkisini, Vətən uğrunda canlarından keçən igidlərin şanlı döyüş yolunu işqlandırmaq “Vedibasar”ın qayəsinin ana xəttini təşkil edir. 23 il əvvəl “Vedibasar” qəzetini təsis edərək, onu bütöv Qərbi Azərbaycanın tribunasına çevirmək qəzetin baş redaktoru Sərtib İslamoğlunun həyat kredosuna çevrilib. İlk sayı 2003-cü il fevral ayının 27-də işıq üzü görən qəzet fasiləsiz olaraq daimi oxucularının ünvanına yetişir. 23 illik fəaliyyətini minbir çətinliklərlə davam etdirən “Vedibasar”, tarixi keçmişimizin bütün mərhələlərinə işıq salmağa çalışmış, adət-ənənələrimizin yaşadılması, folklorumuzun unudulmaması üçün ziyalıları səfərbər etməyi bacarmışdır.
Müstəqil ictimai-siyasi qəzet kimi, “Vedibasar” bu gün Bakıda nəşr edilsə də, azsaylı müxbir korpusunun sayəsində Qərbi Azərbaycanın mətbuat ənənəsini davam etdirir.
“Vedibasar” qəzeti mətbuat bolluğunda bir ilk olmağı bacarıb. Belə ki, “Vedibasar” yeganə qəzetdir ki, 2003-cü ildən etibarən qəzetin bütün sayları illər üzrə ayrı-ayrı cildlər şəklində çap edilərək oxucularına və kitabxanalara çatdırılır. Digər mühüm məqam ondan ibarətdir ki, “Vedibasar”ın indiyədək çap edilən 20 cildinin “Biblioqrafiya”sı da ayrıca kitab halında çap edilib.
“Vedibasar”ın səhifələrini görkəmli alimlərdən Budaq Budaqovun,Yusif Yusufovun, İsrafil Məmmədovun, Süleyman Məmmədovun, Teymur Əhmədovun, Kövsər Tarverdiyevanın, İsrafil Abbasovun, İsmayıl Vəliyevin, Qəzənfər Kazımovun, Firudin Ağasıoğlunun, Cəfər Cəfərovun, Əsgər Zeynalovun, Əziz Ələkbərlinin, Aslan Bayramovun, Avtandil Ağbabalının, Cəbi Bəhramovun, Nazim Mustafanın, Tamilla Kərimovanın, Cəlal Zənginin, İbrahim Bayramovun, Fərrux Rüstəmovun, Həsən Bayramovun, Tacir Səmiminin bir sıra elmi məqalələri “Vedibasar”in səhifələrində işıq üzü görüb.
Şair və yazıçılardan Hidayətin, Eldar İsmayılın, Telli Pənahqızının, Nəsibə İsrafilqızının, Rafiq Musanın, Əhməd Vedilinin, Əbülfəz Ülvinin, Məhərrəm Hüseynovun, Əbülfət Cəfəroğlunun, Zaur Vedilinin, Vaqif Azərinin (İmanov) yaradıcılıqları bu qəzetin səhifələrini bəzəyir.
“Vedibasar”ın Prezident Kitabxanasına təqdim edilən 744 səhifəlik 23-cü cildi qəzetin 2025-ci ildə çap edilən 528-551-ci saylarını əhatə edir.
Artıq torpaqlarımız işğaldan azad edilib, dövlətimizin suverenliyi bərpa edilib. Yeni reallıq yaranıb. 2023-cü ildə Qərbi Azərbaycana Qayıdış Konsepsiyası qəbul edilib və icra olunması istiqamətində əməli addımlar atılır. Beynəlxalq təşkilatlara Qərbi Azərbaycana qayıdışla bağlı hüquqi təminat verilməsi üçün müraciətlər edilir. Bu gün “Vedibasar”ın da hədəfi Qərbi Azərbaycana qayıdış ideyasını oxucularına müntəzəm olaraq aşılamaqdan ibarətdir. “Vedibasar” bu müqəddəs günün daha da yaxınlaşması üçün öz tribunası vasitəsilə oxucularını səfərbər edir.
“Vedibasar”ın əvvəlki cildləri kimi, 23-cü cildinin də elektron versiyası Prezident Kitabxanasının Elektron kitabların “Kolleksiyalar” bölməsində yerləşdirilib.
“Vedibasar” qəzetinin kolleksiyası Qərbi Azərbaycanın tarixini, folklorunu, maddi-mədəni irsini öyrənənlərlə yanaşı, mətbuat tarixini araşdıranlar üçün də qiymətli mənbədir.
Prezident Kitabxanası “Vedibasar” qəzetinin təsisçisi və baş redaktoru Sərtib İslamoğluya nəşrin 23-cü cildini Kitabxananın fonduna hədiyyə etdiyinə görə təşəkkürünü bildirir.
“Vedibasar” müstəqil qəzetinin bütün sayları illər üzrə ayrı-ayrı cildlər şəklində çap edilmişdir. 22 cildlik toplunun elektron versiyasından ibarət kolleksiya yaradılmışdır. Toplunun əsas məqsədi Azərbaycan tarixinə, xüsusilə də Qərbi Azərbaycanımızın acı…