Xəbərlər

Azərbaycanın tarixi Zəfərinin müxtəlif aspektlərinə həsr olunmuş kitab Prezident Kitabxanasına hədiyyə edilib

Azərbaycanın tarixi Zəfərinin müxtəlif aspektlərinə həsr olunmuş kitab Prezident Kitabxanasına hədiyyə edilib

Azərbaycanın tarixi Zəfərinin müxtəlif aspektlərinə həsr olunmuş kitab Prezident Kitabxanasına hədiyyə edilib

Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin Heydər Əliyev adına Akademiyası Prezident Kitabxanasına “Azərbaycanın Zəfəri: hərbi strategiya, diplomatiya və milli birlik” mövzusunda respublika elmi-praktik konfransının materiallarından ibarət kitab hədiyyə edib.

Nəşrdə Azərbaycanın Vətən müharibəsində qazandığı tarixi Zəfərin hərbi-strateji, siyasi-diplomatik, hüquqi və ictimai aspektləri araşdırılır. Məqalələrdə Qələbəni şərtləndirən hərbi amillər, milli təhlükəsizliyin təmin olunması, regional və beynəlxalq təhlükəsizlik mühitində baş verən dəyişikliklər, Azərbaycan-Türkiyə strateji tərəfdaşlığının əhəmiyyəti, eləcə də hərbi Qələbənin siyasi və diplomatik nəticələri təhlil olunur.

Konfrans materiallarında milli birliyin və vətənpərvərlik dəyərlərinin Zəfərin əldə olunmasındakı rolu, postmüharibə dövründə Azərbaycanın siyasi və sosial-iqtisadi inkişaf perspektivləri, işğaldan azad edilmiş ərazilərdə bərpa və investisiya prosesləri, müharibənin tarixi və hüquqi aspektləri, beynəlxalq humanitar hüququn tələbləri də nəzərdən keçirilir. Bununla yanaşı, informasiya təhlükəsizliyi, kibertəhdidlər, hibrid müharibə, süni intellektin təhlükəsizlik və dövlət idarəçiliyində tətbiqi, rəqəmsal texnologiyaların yaratdığı yeni çağırışlar elmi araşdırmaların əsas istiqamətlərini təşkil edir.

Məqalələrdə Zəfərin ədəbi-bədii yaradıcılıqda əksi, milli-mənəvi dəyərlərin qorunması və gələcək nəsillərə ötürülməsi məsələlərinə də yer verilir.

Konfrans materiallarından ibarət nəşr Azərbaycanın tarixi Zəfərinin hərbi, siyasi, diplomatik, hüquqi və ictimai əhəmiyyətinin öyrənilməsi, habelə milli təhlükəsizlik və müasir çağırışlarla bağlı elmi biliklərin genişləndirilməsi baxımından əhəmiyyət kəsb edir.