Xəbərlər

“İlham Əliyev. İnkişaf – məqsədimizdir” çoxcildliyinin 151-ci cildi Prezident Kitabxanasının fonduna daxil olub

“İlham Əliyev. İnkişaf – məqsədimizdir” çoxcildliyinin 151-ci cildi Prezident Kitabxanasının fonduna daxil olub

“İlham Əliyev. İnkişaf – məqsədimizdir” çoxcildliyinin 151-ci cildi Prezident Kitabxanasının fonduna daxil olub

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin dövlətçilik fəaliyyətini, Azərbaycanın daxili və xarici siyasətinin əsas istiqamətlərini əks etdirən “İlham Əliyev. İnkişaf – məqsədimizdir” çoxcildliyinin 2026-cı ilin fevral-mart aylarını əhatə edən 151-ci cildi Prezident Kitabxanasının fonduna daxil olub.

Nəşrdə həmin dövrdə ölkə daxilində və beynəlxalq müstəvidə baş vermiş mühüm ictimai-siyasi hadisələr, dövlət başçısının rəsmi və işgüzar səfərləri, keçirdiyi görüşlər, iştirak etdiyi tədbirlər və etdiyi çıxışlar xronoloji ardıcıllıqla işıqlandırılır.

Cilddə Prezident İlham Əliyevin Almaniya Federativ Respublikasına və Serbiya Respublikasına rəsmi, Amerika Birləşmiş Ştatlarına isə işgüzar səfərləri, Sülh Şurasının ilk iclasında və Təhlükəsizlik Şurasında iştirakı, “Cənub Qaz Dəhlizi” Məşvərət Şurası çərçivəsində nazirlərin 12-ci, “Yaşıl enerji” Məşvərət Şurası çərçivəsində isə nazirlərin 4-cü iclaslarında iştirakı ilə bağlı məlumatlar yer alıb. Eyni zamanda, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə keçirilən “Keçid dövründə olan dünyada fikir ayrılıqlarının aradan qaldırılması” mövzusunda XIII Qlobal Bakı Forumunda dövlət başçısının iştirakı da nəşrdə əksini tapıb.

Kitabda ABŞ-ın vitse-prezidentinin və Efiopiya Federativ Demokratik Respublikasının Baş nazirinin Azərbaycana səfərləri, Azərbaycan Respublikası Hökuməti ilə Amerika Birləşmiş Ştatları Hökuməti arasında Strateji Tərəfdaşlıq Xartiyasının imzalanma mərasimi, Avropa İttifaqı Şurasının Prezidenti ilə təkbətək görüş, Xocalı şəhərində Xocalı Soyqırımı Memorialının açılış mərasimi haqqında məlumatlar da yer alıb. Dövlət başçısının Azərbaycan telekanallarına və “France 24” telekanalına verdiyi müsahibələr də cildə daxil edilib.

Çoxcildliyin bu cildi Azərbaycanın müasir siyasi tarixinin, dövlətlərarası münasibətlərinin və beynəlxalq əməkdaşlığının öyrənilməsi üçün əhəmiyyətli məlumatları əhatə edir. Nəşr tarixçilər, siyasi tədqiqatçılar, ali təhsil müəssisələrinin müəllim və tələbələri, eləcə də ölkənin müasir tarixi və beynəlxalq əlaqələri ilə maraqlanan geniş oxucu auditoriyası üçün nəzərdə tutulub.