AMEA-nın Memarlıq və İncəsənət İnstitutunun Kulturologiya və incəsənət nəzəriyyəsi şöbəsinin tərtib etdiyi “Ortaq mədəni irs: Azərbaycandan Türk dünyasına” adlı məqalələr toplusu Prezident Kitabxanasının fonduna daxil olub.
1926-cı ildə keçirilmiş Birinci Türkoloji Qurultayın 100 illik yubileyinə həsr olunan topluda bu tarixi hadisənin Türk dünyasının mədəni inkişafındakı əhəmiyyəti, Azərbaycanın ortaq türk mədəni irsinin formalaşması və inkişafındakı rolu, Ümummilli lider Heydər Əliyevin irsinin mənəvi varisliyi, eləcə də Qarabağın işğaldan azad edilməsindən sonra yaranmış yeni kulturoloji reallıqlar elmi-nəzəri baxımdan araşdırılır.
Topluda İslam sivilizasiyası ilə türk kimliyinin qarşılıqlı əlaqəsi, Azərbaycan musiqi mədəniyyətinin ənənəvi formalarından peşəkar sənətə keçid mərhələləri və müasir beynəlxalq proseslərdə mədəniyyətin birləşdirici rolu təhlil olunur. Məqalələrdə ortaq mədəni irsin Türk dünyasının tarixi və müasir inkişafı baxımından əhəmiyyəti, mədəni əlaqələrin möhkəmləndirilməsindəki rolu və gələcək perspektivlərinə dair elmi yanaşmalar əksini tapır.
Məqalələr toplusu Türk dünyasının ortaq mədəni irsi, tarixi və mənəvi əlaqələrinin müxtəlif aspektlərini əhatə etməsi ilə bu sahədə araşdırma aparan tədqiqatçılar, tələbələr və geniş oxucu auditoriyası üçün faydalı mənbədir.
Ortaq mədəni irs: Azərbaycandan Türk dünyasına / AMEA Memarlıq və İncəsənət İnstitutu; tərt.: N. R. Rəhimbəyli, elmi red.: Ə. Ə. Salamzadə.- Bakı: Elm, 2026.- 352 s.- Azərbaycan və ingilis dillərində.