Prezident Kitabxanasının fondu hüquq və qanunvericilik sahəsinə dair yeni nəşrlərlə zənginləşib. “Hüquq Yayın Evi”nin rəhbəri Bəhruz Kərimli tərəfindən kitabxanaya dəyərli hüquqi nəşrlər hədiyyə olunub.
Hədiyyə edilən nəşrlər Azərbaycan Respublikasının cinayət-prosessual, vergi, gömrük və rəqabət qanunvericiliyini əhatə edir və ölkənin hüquqi tənzimləmə mexanizmlərinin dərindən öyrənilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Bu kitablar normativ-hüquqi bazanın mahiyyətinin dərk edilməsi, hüquq tətbiqi təcrübəsinin təhlili və elmi araşdırmaların aparılması üçün etibarlı mənbə kimi çıxış edir.
Bu nəşrlər Prezident Kitabxanasının oxucu auditoriyası — dövlət qulluqçuları, hüquqşünaslar, alimlər və tədqiqatçılar, eləcə də hüquq ixtisası üzrə təhsil alanlar üçün geniş istifadə imkanları yaradır. Onlar hüquqi biliklərin dərinləşdirilməsinə, peşəkar fəaliyyətin təkmilləşdirilməsinə və hüquqi düşüncə mədəniyyətinin formalaşmasına xidmət edir.
Prezident Kitabxanası "Hüquq Yayın Evi"nin rəhbəri Bəhruz Kərimliyə göstərdiyi diqqətə və kitabxana fondunun zənginləşdirilməsinə verdiyi töhfəyə görə minnətdarlığını bildirir. Bu kimi təşəbbüslər hüquqi ədəbiyyatın əlçatanlığının artırılmasına və milli qanunvericiliyin daha dərindən öyrənilməsinə mühüm töhfə verir.