Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Prezident Kitabxanasının direktoru Afət Abbasova 18-22 avqust 2025-ci il tarixlərində Qazaxıstan Respublikasının Astana şəhərində “Bilikləri birləşdirərək gələcək qururuq” şüarı altında keçirilən IFLA-nın (Beynəlxalq Kitabxana Assosiasiyaları və İnstitutları Federasiyası) 89-cu Ümumdünya Kitabxana və İnformasiya Konqresində iştirak edib. Tədbirdə 114 ölkədən 1630-dan çox iştirakçı, o cümlədən kitabxana rəhbərləri, informasiya mərkəzlərinin mütəxəssisləri, tələbələr və aparıcı nəşriyyatların nümayəndələri iştirak etmiş, kitabxana sahəsində qabaqcıl təcrübələrin mübadiləsi və əsas tendensiyaların müzakirəsi aparılmışdır.
18-21 avqust tarixlərində Afət xanım Abbasova sessiyalarda rəqəmsal kitabxanalar, süni intellekt texnologiyalarının tətbiqi, kitabxana fondlarının qorunması metodikaları və beynəlxalq kataloqlaşdırma standartları mövzusunda geniş müzakirələrdə iştirak etmişdir. Sessiyalarda müxtəlif ölkələrin nümayəndələri təcrübələrini paylaşaraq kitabxanaların müasir bilik mərkəzlərinə çevrilməsi yollarını müzakirə ediblər.
22 avqust tarixində konqres iştirakçıları üçün təşkil olunan L.N. Qumilyov adına Avrasiya Milli Universiteti və Qazaxıstan Milli Muzeyinə ziyarətlərdə iştirak edən Afət xanım Abbasova, yerli kitabxana və mədəniyyət strukturları ilə tanış olub.
Konqres çərçivəsində kitabxanalararası əməkdaşlığın gücləndirilməsi məqsədilə keçirilən görüşlərdə Afət xanım Abbasova Birləşmiş Ərəb Əmirliklərinin Məhəmməd bin Rəşid Al Maktum adına kitabxanasının və ABŞ-ın Solt Leyk Siti şəhərinin Ailə Tarixi Kitabxanasının nümayəndələri ilə görüşərək Prezident Kitabxanası adından nəşrləri təqdim edib, həmçinin L.N. Qumilyov adına Avrasiya Milli Universitetinin kitabxanasına da Prezident Kitabxanası tərəfindən kitablar hədiyyə olunub.
Konqresin əsas proqramı ilə paralel olaraq, dünyanın 29 şirkətini birləşdirən beynəlxalq sərgi təşkil edilmişdir. Sərgidə Beynəlxalq ISSN Mərkəzi, Amerika Kitabxana Assosiasiyası, Kral Əbdüləziz adına İctimai Kitabxana, Məhəmməd bin Rəşid Al Maktum Kitabxana Fondu, Taylor & Francis və Springer-Verlag kimi aparıcı dünya təşkilatları və nəşriyyatlar iştirak edib. Afət xanım Abbasova, sərgidə təqdim olunan məhsul və texnologiyalarla yaxından tanış olaraq Prezident Kitabxanasının gələcək inkişaf strategiyaları üçün dəyərli təkliflər toplamışdır.
IFLA-nın 89-cu Ümumdünya Kitabxana və İnformasiya Konqresi Prezident Kitabxanasının beynəlxalq əlaqələrinin gücləndirilməsi, müasir kitabxanaçılıq təcrübələrinin öyrənilməsi və tətbiqi baxımından böyük əhəmiyyət kəsb etmişdir.