Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Prezident Kitabxanasında nadir və elmi baxımdan dəyərli nəşrlərin sərgisi üçün xüsusi ekspozisiya vitrini təşkil olunub. Vitrində Prezident Kitabxanasının “Nadir ədəbiyyat fondu”nda mühafizə olunan və müxtəlif dövrlərə aid olan, tarixi, mədəni və tədqiqat baxımından dəyərli kitablar, əlyazmalar, həmçinin digər unikal nəşrlər nümayiş etdirilir.
Ekspozisiyanın təşkili kitabxananın fondlarında saxlanılan zəngin irsin daha geniş tanıdılması və bu istiqamətdə aparılan sistemli işlərin bir hissəsi kimi həyata keçirilib. Burada təqdim olunan materiallar təkcə çap olunduqları illərə görə deyil, məzmun və nəşr xüsusiyyətlərinə görə də fərqlənir. Onların sırasında Azərbaycan və dünya mədəniyyətinin tarixi kontekstində maraq doğuran unikal nəşrlər də yer alır.
Sərgi ekspozisiyası daimi əsasda fəaliyyət göstərsə də, burada nümayiş olunan materiallar mütəmadi olaraq yenilənir. Bu isə Nadir fondun müxtəlif dövrlərə və tematik sahələrə aid zəngin nümunələrinin müntəzəm olaraq nümayişini təmin edir.
Ekspozisiyanın təşkilində əsas məqsəd Prezident Kitabxanasının zəngin fondunda qorunan mədəni və elmi irs nümunələrinin sistemli şəkildə nümayiş etdirilməsi, bu istiqamətdə ictimai diqqətin cəlb olunması, həmçinin nəşrlərin əhəmiyyətinə dair məlumatlılığın artırılmasıdır.