Xəbərlər

”Nadir kitablar” virtual kolleksiyası dəyərli nəşrlərlə zənginləşib

”Nadir kitablar” virtual kolleksiyası dəyərli nəşrlərlə zənginləşib

”Nadir kitablar” virtual kolleksiyası dəyərli nəşrlərlə zənginləşib

“Nadir kitablar” virtual kolleksiyası tədqiqatçılar, ədəbiyyatşünaslar və kitab irsinin biliciləri üçün böyük maraq doğuran beş qiymətli nəşrlə zənginləşib. Bu kitablar istifadəçiləri coğrafiya, səyahət, dünya ədəbiyyatı və folklora dair əsərlərlə tanış edərək XIX–XX əsrlərin elmi və mədəni fikir zənginliyini əks etdirir.

Kolleksiyada görkəmli rus coğrafiyaşünası və səyyahı Pyotr Petroviç Semyonov-Tyan-Şanskinin 1947-ci ildə Moskvada rus dilində nəşr olunmuş “1856–1857-ci illərdə Tyan-Şana səyahət” kitabı xüsusi yer tutur. Müəllif xatirələrində Mərkəzi Asiyaya etdiyi ekspedisiya haqqında bəhs edir, Tyan-Şan dağlarının təbiətini, buzlaqlarını, flora və faunasını, həmçinin bölgə xalqlarının məişətini və mədəniyyətini ətraflı təsvir edir.

Kolleksiya Karl Bedekerin 1909-cu ildə Leypsiqdə ingilis dilində nəşr olunmuş məşhur “Italy from the Alps to Naples” (“Alplardan Neapola qədər İtaliya”) bələdçi kitabı ilə də zənginləşib. Nəşrdə İtaliyanın şəhərləri, memarlıq abidələri, muzeyləri və təbiət mənzərələri haqqında məlumatlar xəritələr, planlar və səyahətçilər üçün praktik tövsiyələrlə tamamlanmışdır.

İngilis ədəbiyyatı sevənlər üçün görkəmli romantik şair Con Kitsin 1908-ci ildə London, Nyu-York və Torontoda ingilis dilində nəşr olunmuş “The Poetical Works” (“Poetik əsərlər”) toplusu da maraq doğurur. Kitaba müəllifin ən məşhur odaları, sonetləri və poemaları daxil edilmişdir.

Təqdim olunan nəşrlər sırasında 1902-ci ildə ingilis dilində çap olunmuş Kristofer Marlonun “The Works” (“Əsərləri”) toplusu da yer alır. Kitabda İngilis İntibah dövrünün görkəmli dramaturqunun pyesləri, poetik əsərləri və tərcümələri toplanmışdır.

Kolleksiya həmçinin Fridrix Binenman tərəfindən tərtib edilmiş və 1897-ci ildə Reveldə alman dilində nəşr olunmuş “Livländisches Sagenbuch” (“Livoniya əfsanələri kitabı”) ilə də zənginləşib. Topluda tarixi Livoniyaya aid xalq rəvayətləri, əfsanələri və söyləmələri təqdim olunur, Baltikyanı regionun zəngin folklor ənənələri öz əksini tapır.

Təqdim olunan nəşrlər dünya kitab mədəniyyətinin qiymətli nümunələri olmaqla müxtəlif dövrlərin elmi, ədəbi və tarixi fikrini əks etdirir. Onların “Nadir kitablar” virtual kolleksiyasına daxil edilməsi mədəni irsin qorunmasına xidmət edir və istifadəçilərin dünya kitab sənətinin nadir nümunələri ilə tanış olmaq imkanlarını daha da genişləndirir.