Prezident Kitabxanasının fonduna Ümummilli lider Heydər Əliyevin siyasi irsini əks etdirən “Heydər Əliyev. Müstəqilliyimiz əbədidir” çoxcildliyinin yenidən nəşr edilmiş 13-cü cildi daxil olub.
Nəşrdə Ümummilli lider Heydər Əliyevin 1996-cı il 27 may-12 iyul tarixlərini əhatə edən dövrdəki fəaliyyətinə dair materiallar toplanmışdır. Cilddə bu müddət ərzində keçirilən görüşlərdə səsləndirdiyi nitqlər, bəyanatlar, müraciətlər, müsahibələr və məktublar öz əksini tapmışdır. Bundan başqa, nəşrə ölkəmizə rəsmi səfərlə gəlmiş Özbəkistan Prezidenti İslam Kərimovla keçirilmiş görüşlərə aid materiallar, habelə Heydər Əliyevin Almaniya Federativ Respublikasına rəsmi səfəri çərçivəsində dövlət və hökumət başçıları, işgüzar dairələrin nümayəndələri və şirkət rəhbərləri ilə keçirdiyi görüşləri əks etdirən sənədlər də daxil edilmişdir.
Çoxcildliyin bu cildində “Oqonyok” jurnalının Azərbaycana həsr olunmuş xüsusi nömrəsinin təqdimat mərasimində söylədiyi nitq, XXVI Yay Olimpiadasında iştirak edəcək Azərbaycan idmançıları ilə görüşdə etdiyi çıxış, Azərbaycanın dövlət müstəqilliyinin möhkəmləndirilməsi, bazar iqtisadiyyatına keçid dövründə yaranmış çətinliklərin aradan qaldırılması və kənd təsərrüfatının inkişafına həsr olunmuş müşavirədəki nitqi yer alıb. Bununla yanaşı, nəşrə erməni təcavüzünün ağır nəticələrinin aradan qaldırılmasına, eləcə də ölkənin daxili və xarici siyasətinin əsas istiqamətlərinə dair materiallar da daxil edilib.
Yenidən nəşr edilmiş 13-cü cild Ümummilli lider Heydər Əliyevin siyasi fəaliyyətinin, Azərbaycanın dövlət müstəqilliyinin möhkəmləndirilməsi istiqamətində aparılan siyasətin və ölkənin müasir inkişaf tarixinin öyrənilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. Nəşr Prezident Kitabxanasının fondunu zənginləşdirməklə yanaşı, tədqiqatçılar, ali təhsil müəssisələrinin müəllim və tələbələri, habelə Azərbaycanın müasir siyasi tarixinə maraq göstərən geniş oxucu auditoriyası üçün faydalı mənbə rolunu oynayır, mövzu üzrə biliklərin dərinləşdirilməsinə və etibarlı məlumatlarla tanışlığa geniş imkan yaradır.
Əliyev, Heydər Əlirza oğlu. Müstəqilliyimiz əbədidir: çıxışlar, nitqlər, bəyanatlar, məktublar, müsahibələr, məruzələr, müraciətlər, fərmanlar / H. Ə. Əliyev; bur. məsul Ə. Ağalarov.
13-cü kitab: may, 1996 - iyul, 1996.- Bakı: Azərnəşr, 2026.- 400 s.